İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

A.Profumo bu ilin mayında “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunduğunu və ilk xarici səfərini Azərbaycana etdiyini vurğulayaraq Azərbaycanın İtaliya üçün və eləcə də təmsil etdiyi şirkət üçün böyük əhəmiyyət daşıdığını deyib. A.Profumo “Leonardo” şirkətinin çoxşaxəli fəaliyyət göstərdiyini qeyd edərək Azərbaycanda keçirəcəyi görüşlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev Alessandro Profumonu “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunması münasibətilə təbrik edib. Dövlət başçısı bu ilin əvvəlində “Leonardo” şirkətinin keçmiş baş icraçı direktoru Mauro Moretti ilə görüşünü xatırlayaraq A.Profumonun ilk xarici səfərini Azərbaycana etməsini Azərbaycana olan marağın yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə İtaliya arasında əlaqələrə toxunan İ.Əliyev ikitərəfli əməkdaşlığın gündəliyinin çox geniş olduğunu, Azərbaycan və İtaliyanın bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sənaye, ticarət sahələrində uğurlu əməkdaşlıq etdiklərini bildirib.

Görüş zamanı “Leonardo” şirkəti ilə Azərbaycanın bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, Silkway şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edilib və Azərbaycan ilə İtaliya əməkdaşlığının yaxşı potensiala malik olduğu bildirilib.

Qeyd edək ki, “Leonardo” şirkəti Avropa və dünyanın ən böyük müdafiə sənayesi holdinqlərindən biridir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş