İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb – FOTOLAR

İlham Əliyev: “Çingizin təkbaşına üz-üzə qaldığı erməni diversantlarının sayı 10-dan çox olub”

Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

Görüşdə İlham Əliyev bildirib ki, Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub, böyük qəhrəmanlıq, igidlik göstərib: “Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır”.

Prezident İlham Əliyev Ç. Qurbanova fəxr etdiyini deyib: “Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var”.

Ermənistanın bu dəfə də qeyri-insani mahiyyətini dünyaya nümayiş etdirdiyini söyləyib prezident xatırladıb ki, ermənilər bir aydan çox idi Çingizin nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti çox böyük səylər göstərdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmadı:

“Fürsətdən istifadə edərək Qusar rayonunun bütün sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Qusarlılar Çingiz kimi qəhrəman övladı Azərbaycana bəxş etmişlər”.

İ. Əliyev Ermənistanın cəbhədə davamlı olaraq təxribatlara əl atdığını da diqqətə çatdırıb:

“Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar poqonlarını, vəzifələrini itirdilər. Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü və bu, bu gün də davam edir. Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. İndi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar”.

Prezidentin sözlərinə görə, Ermənistan aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirməyə çalışdı: “Ermənilər cəhd etdilər ki, üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.

İ. Əliyev əlvə edib ki, Çingizin üz-üzə qaldığı diversantların sayı 10-dan çox olub: “Yəqin Çingiz bilirdi ki, o, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq, o, Vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə qalxdı. Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaqdır”.

Sonra prezident Çingiz Qurbanovun təltif olunduğu Milli Qəhrəmanın “Qızıl Ulduz” medalını şəhidin atası Salman Qurbanova təqdim edib.

Milli Qəhrəmanın atası Salman Qurbanov isə bildirib ki, Bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə verilən qiymətdir:

“Sizə dərin minnətdarlığımı bildirirəm, cənab prezident. Mən bir şəhid atası kimi, sizi əmin edirəm ki, əmrinizlə bu saat da silah götürməyə, vətənimizin torpağını azad etməyə hazıram”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş