İlham Əliyev Pakistanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“AzeriDefence”nin prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, Pakistanın müdafiə sənayesi nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunan İlham Əliyev pakistanlı nazirin Azərbaycan Beynəlxalq müdafiə sərgisində – ADEX-2016-da iştirakının önəmini qeyd edib. Dövlətimizin başçısı Pakistanın prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini xatırlayaraq bu səfəri ölkələrimiz arasında səmimi və qardaşlıq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident Pakistanın Baş naziri ilə Davosda keçirdiyi görüşü də məmnunluqla xatırlayıb.

Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin bir-birilərini bütün beynəlxalq təşkilatlarda daim dəstəklədiklərini vurğulayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə qardaş ölkəyə minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın da Pakistanı həmişə Kəşmir məsələsində dəstəklədiyini qeyd edərək Pakistanın ölkəmiz üçün dünyada ən yaxın və böyük dost ölkələrdən biri olduğunu deyib.

Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hussain yenidən ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib.

Rana Tanvir Hussain Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin adından prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

O, Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin prezident İlham Əliyevə olan yüksək ehtiramını məmnunluqla qeyd edib.

İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin dəvətini minnətdarlıqla qəbul edib.

KATEQORIYA:
Bu xəbəri paylaş