İMA-07-yə beynəlxalq sertifikat alınacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma” zavodunun istehsal etdiyi İMA-07 (induction mine detector) adlı mina detektora humanitar minatəmizləmə əməliyyatlarında istifadəsi üçün beynəlxalq sertifikat alınması nəzərdə tutulur. “AzeriDefence”nin xəbərinə görə, bu barədə APA informasiya agentliyi istehsalçı müəssisəyə istinadən məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin inventarına qəbul edilmiş yerli detektor mühəndis-istehkam birlikləri tərəfindən istifadə olunur. Hazırda ilkin mərhələdə olan detektorun təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı yerli mütəxəssislərin təklifləri nəzərdən keçirilir.

Beynəlxalq sertifikat İMA-07 detektorunun ölkədə və ölkə xaricində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarında tətbiqinə imkan verəcək. Bundan öncə, detektor istifadə üçün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) təklif olunsa da, beynəlxalq sertifikatı olmadığından humanitar minatəmizləməyə qəbul edilməyib.

Qeyd edək ki, keçmiş SSRİ müəssisələrində istehsal edilmiş PR-507 modelinin təkmilləşdirilmiş versiyası olan İMA-07 keyfiyyətinə və çəkisinə görə analoqundan üstündür. İMA-07 tərkibində minimum metal olan minaları aşkar etmək imkanına malikdir. Detektor ölçüsündən asılı olaraq böyük və geniş obyektləri 70 sm, kiçik obyektləri (məsələn metal sikkələri) isə 20-25 sm dərinlikdə aşkar edə bilir. IMA-07 barədə məlumatlar “Jane’s Mines and Mine Clearance” kataloquna da salınıb.

KATEQORIYA:
Bu xəbəri paylaş