İnnovasiyalar Agentliyi: “Zərbə” hərbi-taktiki aviasiya simulyatoru üzərində işlər davam edir

İnnovasiyalar Agentliyi: “Zərbə” hərbi-taktiki aviasiya simulyatoru üzərində işlər davam edir

Azərbaycanda “Zərbə” hərbi-taktiki aviasiya simulyatoru üzərində işlər davam edir və yaxın vaxtlarda yaradılma işlərini sürətləndirmək üçün “Zərbə” növbəti investisiya raundu elan edəcəkdir.

Azeri Defence saytı xəbər verir ki, bu barədə İnnovasiyalar Agentliyi məlumat yayıb.

“VR texnologiyası üzərində qurulmuş “Zərbə” simulyatoru pilotlarımıza imkan verir ki, işğal altında olan ərazilərimizin 3D xəritəsi üzərində virtual uçuşlar həyata keçirərək real döyüş zamanı artıq ərazi ilə tanış olub taktiki manevrlər etmək üçün hazır olsunlar”, – deyə İnnovasiyalar Agentliyi bildirib.

VR (virtual reallıq) texnologiyasına əsaslanan bu hərbi hazırlıq kompleksinin köməyi ilə hərbi uçuş heyətinin ilkin uçuş təlimlərinin, qrup şəklində uçuşların, taktiki hazırlıqların həyata keçirilməsi mümkündür. VR texnologiyası sayəsində Qarabağ və Azərbaycan xəritəsi yaradılaraq hal-hazırda Azərbaycan Hava Qüvvələrində istifadə olunan təyyarə tipləri, hərbi texnika və hədəflər real mövqelərinə uyğun VR xəritədə yerləşdirilərək virtual obraz yaradılır və pilotlar tərəfindən döyüş təlimi üçün istifadə olunur.

Layihə həmçinin hava qüvvələrinin döyüş bacarıqlarının tək və qrup şəklində məşq edilməsi,  hava hücumundan müdafiənin məşq edilməsi və əraziyə uyğun digər hazırlıq məşqlərinin keçirilməsi imkanlarını da təmin edir.

Startapın istifadə etdiyi VR texnologiyası, proqram təminatı (aktivlik simulyatoru) vasitəsi ilə insan bədənində yerləşdirilən sensorlardan alınan məlumatlardan istifadə edərək tam reallıq effekti ilə ərazinin 3D modelini yaradır.

Virtual hərbi təlim kompleksinin tərkibində olan 360 dərəcə dönən platforma, yerli relyefi nəzərə alan, hava və yer hərbi texnikasını simulyasiya edən VR proqram təminatı, mikrofonlu kommunikasiya sistemi, VR eynəkli kaska və bir çox digər komponentlər hərbi təlimi daha da real edir.

Uzaqdan idarəetmə və qeyd aparma sisteminin köməyi ilə isə ekipajın həm tək, həm qrup halında hərəkətinin video qeydiyyatını  aparmaq və təkrar izləmək mümkündür.

Kompleksin əsas üstünlükləri sürətli şəkildə işə düşməsi, kiçik sahələrdə yerləşdirilə bilməsi, adi elektrik şəbəkəsinə qoşulması,  az miqdarda enerji istifadə etməsi və eyni anda 60 iştirakçının simulyasiyaya qoşula bilməsidir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş