İran uzun mənzilli qanadlı raketini sınaqdan keçirdi

İran Hərbi Dəniz Qüvvələri Oman dənizində keçirilən hərbi təlimlərdə ilk dəfə “Qədr” uzun mənzilli qanadlı raketləri sınaqdan keçirib.

“AzeriDefence” “Fars” agentliyinə istinadən xəbər verir ki, təlimlər zamanı sınaqdan keçirilən “Qədr” raketi müəyyən edilmiş şərti hədəfi dəqiqliklə məhv edib.

İran mütəxəssisləri tərəfindən yerli imkanlar hesabına, dəniz hədəflərinin məhv edilməsi üçün hazırlanan yeni nəsil “Qədr” raketi həm sahil, həm də gəmilərdən atıla bilir.

Təlimlər zamanı İranın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən şərti düşmənin pilotsuz uçuş aparatları, təyyarələri, qanadlı raketləri və digər qurğuları əməliyyat tapşırığına uyğun olaraq məhv edilib. Həmçinin təlimlərin gedişatında, HDQ və HHMQ tərəfindən İran istehsalı olan “Nasr” və “Fəcr-5” idarəolunan raketlərdən test atışları həyata keçirilib. Bundan əlavə təlimlərdə müxtəlif döyüş tipli gəmilər, yüngül və ağır sualtı qayıqlar, helikopterlər, kəşfiyyat təyyarələrdən də istifadə edilib.

Qeyd edək ki, bazar ertəsi səhər saatlarından etibarən İran Ordusu “Məhəmməd Rəsulallah” hərbi təlimlərinə başlayıb. Təlimlər Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və “Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələri ilə birgə keçirilir. Hərbi təlimlər 3 milyon kvadrat kilometr ərazidə – İranın cənubu, cənub-şərqi, Fars körfəzi və Oman dənizi sahillərində təşkil edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş