İran Xəzərdəki “Peykan” gəmilərinin sayını artırır

İran yaxın vaxtlarda Xəzər donanmasının sıralarına yeni döyüş gəmisi daxil etməyi planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ötən həftə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari bildirmişdi.

Admiral Səyyari “Sipər” adlı gəmi ilə yanaşı “Fateh” adlı dənizaltının da donanma sıralarına daxil ediləcəyini qeyd etmişdi. Dənizaltının Şimal (Xəzər) və ya Cənub donanmasına daxil ediləcəyi açıqlanmayıb.

İran mediasında yer alan məlumata görə, HDQ Şimal Donanmasının komandiri, birinci dərəcəli kapitan Əhməd Reza Baqeri bildirib ki, donanmanın istifadəsinə veriləcək gəmi “Peykan” (Kaman/Sina) sinfli raket gəmisidir. Bu, Xəzərdə istifadəyə qəbul edilmiş “Peykan” sinfli dördüncü gəmi olacaq. Gəmi Ənzəlidə yerləşən “Şəhid Tamjidi” tərsanəsində inşa olunur.

“Peykan” sinifli gəmilərin su basımı 275 ton, uzunluğu 47 metr, eni 7.1 metrdir. Dörd ədəd (10,700 kW) dizel mühərriklə təchiz olunmuş gəminin sürəti 36 mil, heyəti 31 nəfər təşkil edir. Gəminin silahlanmasına 4-dək C-802 “səth-səth” raketi, bir ədəd 76 mm “Fəcr-27” avtomat top və 1 ədəd 40 mm-lik zenit topu daxildir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş