İranda Rusiya helikopterlərinin yığımı həyata keçiriləcək

“HeliRussia-2017” sərgisi zamanı Rusiya helikopterlərinin İranda yığılması haqqında İran nümayəndələri ilə razılıq əldə edilib.

Bu barədə “AzeriDefence”yə “Vertolyot Rossii” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, razılaşmaya əsasən İranda yüngül helikopterlərin quraşdırılması işləri həyata keçiriləcək.

Qarşılıqlı anlaşma haqqında memorandum İranın helikopter istismarı və təmiri ilə məşğul olan IHSRC dövlət şirkəti ilə imzalanıb. Razılaşma şərtlərinə uyğun olaraq, İran tərəfi helikopterlərin yığılması üçün zəruri avadanlıqlarla təchiz olunacaq. Bundan başqa, İran müəssisəsi texnikaların yığılma imkanlarına cavab verən uyğunluq attestasiyadan da keçməli olacaq.

“Rusiya Vertolyotları” şirkətinin direktoru qeyd edib ki, İranda yüngül helikopterlərə tələbat yüksəkdir və bu cür texnikaların istismarı üçün böyük potensial var.

Hazırda İranda IHSRC şirkəti Rusiyaya məxsus Mi helikopertlərinin təmirini həyata keçirmək hüququna malik olan tək müəssisədir. Şirkət artıq çox sayda Rusiya helikopterlərini təmir edib. Ən çox tələbat isə Mi-17 helikopterinə olduğu qeyd olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş