İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”ə verilən məlumata görə,1 may tarixində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqa­mə­tində hərəkət edərək İrandan Azərbaycana doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlanıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr – “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliy­yə­tinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəl­lüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməd­din Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il tə­vəl­lüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilib.

Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş