İranın “Damavənd” və “Peykan” hərbi gəmiləri Dağıstana səfər edib

İran Hərbi Dəniz Qüvvələrinin “Damavənd” və “Peykan” hərbi gəmiləri Dağıstan Respublikasına səfər edib.

Bu barədə “AzeriDefence”“Fars” agentliyinə istinadən məlumat verib.

Bildirilib ki, səfər çərçivəsində İran hərbi dənizçiləri Rusiya Xəzər Flotiliyasının komandiri və Dağıstan prezidenti ilə görüşəcəklər.

Məlumatda qeyd olunub ki, dostluq xarakteri daşıyan səfərin məqsədi hazırkı hərbi əməkdaşlığı inkişaf etdirməkdir.

94,5 metr uzunluğunda olan “Damavənd” döyüş gəmisi 76 mm-lik və 20 mm-lik toplarla, 4 ədəd “Nur” raket kompleksi ilə silahlandırılıb. Bundan başqa gəmi 30 və 12,7 mm-lik iriçaplı pulemyotlarla da silahlandırılıb. Gəminin suya oturan hissəsi 4,3 metr, subasımı 1300 tondur. Heyəti 150-yə yaxındır. Gəmi “Furuno” RLS sistemi ilə təchiz olunub.

“Peykan” sinifli gəmilərin su basımı 275 ton, uzunluğu 47 metr, eni 7.1 metrdir. Dörd ədəd (10,700 kW) dizel mühərriklə təchiz olunmuş gəminin sürəti 36 mil, heyəti 31 nəfər təşkil edir. Gəminin silahlanmasına 4-dək C-802 “səth-səth” raketi, bir ədəd 76 mm “Fəcr-27” avtomat top və 1 ədəd 40 mm-lik zenit topu daxildir.

Xatırladaq ki, İran Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Cövşən” hərbi gəmiləri 2016-cı il oktyabrında Azərbaycanın paytaxtı Bakıda səfərdə olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş