İranın yeni döyüş ekranoplanı kəşfiyyat kameraları tərəfindən çəkildi

Peykdən aparılan kəşfiyyat çəkilişləri zamanı İran Silahlı Qüvvələrinə məxsus yeni döyüş ekranoplanı (uçan qayıq) aşkar edilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, “uçan qayıq” Hörmüz boğazı sahilində peyk kameralarına yaxalanıb. Bildirilir ki, həmin boğaz yaxınlığında İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi hissə yerləşir. Ekranoplanın da bu hərbi hissədə qalxdığı ehtimal olunur.

Hərbi ekspertlər bunun daha əvvəl təqdim olunan “Bavar-2” ekronaplanına bənzəmədiyini də söyləyiblər. Güman edilir ki, yeni “uçan qayıq” çoxtəyinatlı, yüksək sürətli və zərbə məqsədlidir.

Qeyd edək ki, hazırda Rusiyanın Xəzər dənizində 903 layihəli “Luna” raketdaşıyıcı ekranoplanı mövcuddur. İlk uçuşunu 1985-ci ildə Xəzər dənizində həyata keçirən “Luna” gəmi əleyhinə 6 ədəd idarə olunan “Moskit” raketini daşıyır. Bu ekranoplan 13 000 at gücünə malik ikikonturlu NK-87 mühərrikinə malikdir. “Luna”nın qanadlarının uzunluğu 44 metr, uzunluğu 73,80 metr, hündürlüyü 19,20 metrdir. Təyyarə-gəmi saatda 500 km sürətlə dəniz səthindən 1-5 metr yüksəklikdə uça bilir. Anoloji “uçan qayıq” ABŞ-da “Boeinq” şirkəti tərəfindən də hazırlanıb. Uzunluğu 152 metr və qanadlarının uzunluğu 106 metr olan “Pelican” adlı dünyanın ən böyük ekranoplanı okean səthindən 6 m yüksəklikdə uça və bortunda 17 ədəd M1 Abrams tankını daşıya bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş