İraq Azərbaycanın minatəmizləmə sahəsində təcrübəsini öyrənir

İraq Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlıq qurmağa maraq göstərir. “AzeriDefence”nin xəbərinə görə, bu barədə jurnalistlərə ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib.

Artıq İraq tərəfindən ANAMA-ya belə müraciətin daxil olduğunu deyən N. İsmayılovun sözlərinə görə, Azərbaycanın təcrübəsini öyroənmək üçün İraq Müdafiə Nazirliyinin əməkdaşları Bakıya gələcəklər.

N. İsmayılov Ermənistanın Milli Minatəmizləmə Mərkəzi yaratmaq ideyasına da münasibət bildirib. Agentlik rəhbərinin sözlərinə görə, bu ölkə minatəmizləmə sahəsində beynəlxalq təşkilatların ümidlərini doğrultmayıb.

ANAMA direktoru deyib ki, xarici ölkələr, donorlar balanslı siyasəti əsas tutaraq, Azərbaycana etdikləri yardımı eyni səviyyədə Ermənistana da göstərirlər: “2000-ci ildə Ermənistanda Müdafiə Nazirliyinin tərkibində minatəmizləmə mərkəzi yaradıldı. O qurumun donoru ABŞ Dövlət Departamenti idi. Bizim aldığımız vəsait qədər vəsait alırdılar. Eyni zamanda bizə verilən avadanlıqlardan onlara verilirdi. Bu məntiqlə onlar da ANAMA kimi inkişaf eləməli idilər. Yeddi il keçdi, onların işində irəliləyiş olmadı. Biz hər il 20 milyon kvadratmetr ərazi təmizlədiyimiz halda məndə olan məlumatlara görə ermənilərdə bu göstərici 100 min kvadratmetr idi. Bu donorlar üçün çox şübhəli görünürdü. Nəticədə 2 ildir donorlar tərəfindən onların maliyyələşməsi dayandırılıb. Azərbaycanda olduğu kimi Ermənistanın daxilində müharibə getməyib və bu ölkədə mina problemi yoxdur. Onlarda mina təhlükəsi keçmiş sovet ordusundan və indiki Rusiya ordusundan qalır. İran, Türkiyə və Azərbaycanla sərhədləri özləri minalayıblar və o minaları da heç vaxt çıxarmayacaqlar”.

KATEQORIYA:
Bu xəbəri paylaş