İrimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir

– FOTOLAR
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən təlimlər keçirilən bölgədə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.

Təlimlər davam edir.

Bu arada Azərbaycanda ilk dəfə olaraq, irimiqyaslı təlimlərə cəlb edilən şəxsi heyətlə ictimaiyyət nümayəndələrinin görüşü keçirilib. Şəmkir Rayon İcra Hakimiyyətinin, rayonun Ağsaqqalar Şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Qadınlar Şurasının və digər ictimai qurumların nümayəndələri təlimdə iştirak edən şəxsi heyətlə görüşüblər.

Təlim poliqonunda rayon fəalları ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən və xalq qarşısında hər kəsin məsuliyyətinə diqqət çəkərək bu tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrində qısa bir müddət ərzində xeyli iş görüldüyünü xüsusi qeyd edən nazir, əsgər və zabitlərin, o cümlədən təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Təlimlərdə iştirak edən şəxsi heyətlə görüşən, silah-sursat və döyüş texnikası ilə tanış olan qonaqlar Silahlı Qüvvələrin təminatından, əsgər və zabitlərimizin vətənpərvərlik ruhundan razı qaldıqlarını bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş