“İşğal altında” kompüter oyununun təqdimatı keçirilib

Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuş “İşğal altında” kompüter oyununun təqdimatı keçirilib. “AzeriDefence”nin məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən nazir müavini İntiqam Babayev oyunun Qarabağ müharibəsinə həsr olunduğu bildirib.

Nazir müavini oyunun bir qrup tələbənin gərgin əməyinin məhsulu olduğunu və dünya bazarına çıxarılacağına ümid etdiyini deyib.

“Oyunda hadisələr Şuşa şəhəri ərazisində baş verir və fikrimcə, bu oyun gələcəyin bir ssenarisidir”, – deyə İ. Babayev vurğulayıb.

Oyunun rəhbəri və ideya müəllifi Fərid Haqverdiyev isə layihəyə 2010-cu ildən başladıqlarını deyib. Kompüter oyununun döyüş janrında hazırlandığını və əsas hədəfin Şuşa şəhərini işğalçılardan azad etmək olduğunu bildirib. Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulub. “İşğal altında” kompüter oyunu mövcud olan heç bir döyüş oyununun yenidən işlənmiş və ya modifikasiya edilmiş forması deyil.

Qeyd edək ki, kompyuter oyununu www.azdimension.com saytından və www.facebook.com/AzDimension sosial şəbəkə səhifəsindən pulsuz yükləmək mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş