İŞİD-də döyüşmüş Beyləqan sakinini sərhədçilər saxladı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən 15 oktyabr 2015-ci il  tarixdə Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Beyləqan rayonu Birinci Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək  Pəzviz oğlu saxlanılıb.

DSX-nın Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B.Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olmuşdur. Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqa­ta­la rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu saxlanılıb.

Oktyabrın 18-də isə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azər­bay­cana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçmağa müvəffəq  olub.

Ağstafa rayonunun ərazisində yerləşən “Dəmirtəpə” sərhəd zastavasının xidməti sahəsində isə oktyabrın 20-də Qazax rayon sakini Məmmədov Elsevər Rasim oğlu Gürcüstandan Azər­bay­cana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılıb.

Hər üç fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş