İsrail M-346 təlim-döyüş təyyarəsinin imkanlarını genişləndirir

İsrail Müdafiə Nazirliyi hərbi avasiya parkında yer alan İtaliyanın “Alenia Aermacchi” şirkətinin istehsalı olan M-346 “Master” təlim-döyüş təyyarələrini təkmilləşdirir.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

2012-ci il iyunun 2-də İsrail Müdafiə Nazirliyi ilə “Alenia Aermacchi” şirkəti arasında dəyəri 1 milyard dollar olan müqavilə imzalanıb.

Müqavilə əsasında “Alenia Aermacchi” şirkətinin İsrail Hərbi Hava Qüvvələrini (HHQ) “Lavi” adı verilən 30 ədəd M-346 təlim-döyüş təyyarələri ilə təmin etməsi nəzərdə tutulub.

Son “Lavi” təyyarəsinin İsrail HHQ-nin inventarına daxil olmasından az vaxt keçməsinə baxmayaraq, təyyarənin imkanlarını genişləndirmək məqsədi ilə onun müasirləşdirməsinə qərar verilib. İsrail istehsalçı şirkətlə birlikdə təyyarənin təlim bombaları və asma yanacaq çəni ilə təchiz edilməsi üzərində işləyir.

Gələcəkdə təyyarələrin istehsalçısı analoji müasirləşdirməni başqa müştərilərə də təklif edə biləcək. Yenilənmiş M-346 təyyarəsi demək olar ki, 3 il istismar müddətində İsrail HHQ-nin təcrübəsinə əsaslanan xüsusi proqram təminatı alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş