İstefada olan general vəfat edib

Azərbaycan Silahlı Qüvvələrinin istefada olan general-mayoru Əli Kazımovun uzun sürən xəstəlikdən sonra vəfat edib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi adından imzalanan nekroloqda bildirilib ki, general-mayor Əli İmran oğlu Kazımov oktyabrın 26-da 60 yaşında dünyasını dəyişib.

Əli Kazımov 1956-cı ildə fevralın 17-də Naxçıvanın Ordubad rayonunun Nürgüd kəndində anadan olub. S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq “mühəndis – şturman” ixtisasına yiyələnib.

Ə. Kazımov 1978-1989-cu illərdə SSRİ-nin Şimal Donanmasında mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifələrində xidmət edib.

1989-1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakultəsində ali hərbi təhsil alan zabit Ə. Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıdıb və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabrınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat-səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirib.

1993-cü ilin dekabr ayından 1994-cü ilin sentyabr ayınadək cəbhə bölgəsində “N” saylı briqada komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib.

1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində “İqtisadiyyat və qoşun təsərrüfatı”, “Qoşunların arxa cəbhəsi” kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat-Səfərbərlik İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini vəzifəsini icra etmişdir.

Azərbaycan müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Ə. Kazımova “1-ci dərəcəli kapitan” və prezidentin 25 may 1998-ci il tarixli əmri ilə “general-mayor” ali hərbi rütbəsi verilib.

Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılmışdır.

Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 10 döyüş medalı ilə təltif olunub və müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı idi.

İstefada olan general-mayor Əli İmran oğlu Kazımovun əziz xatirəsi Silahlı Qüvvələr şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

KATEQORIYA:
Bu xəbəri paylaş