“İstiqlal”ın cəbhədəki nailiyyətləri

Bu il cəbhədə “İstiqlal” tüfəngi ilə ermənilərin 11 texnikası və 15 əsgəri məhv edilibBu ilin ötən dövrü ərzində cəbhə xəttində atəşkəsi pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə qarşı yerli istehsal olan 14.5 mm çaplı “İstiqlal” snayper tüfəngi ən azı 210 dəfə tətbiq olunub. Bu barədə “AzeriDefence.com” saytına Azərbaycan Silahlı Qüvvələrinin müvafiq strukturundan məlumat verilib.

Bu dövrdə “İstiqlal” əsasən qarşı tərəfin əsasən hərbi texnikası, möhkəmləndirilmiş müdafiə mövqelərinə qarşı tətbiq olunub. Yalnız bu silahın tətbiqi nəticəsində dövlət sərhədində və Qarabağ cəbhəsində Ermənistan Silahlı Qüvvələrinin istifadəsində olan 5 yüngül hərbi texnika (əsasən UAZ markalı maşın), 2 yük maşını, 4 ekskavator və buldozer sıradan çıxarılıb. Eyni zamanda düşmənin ön xətdəki möhkəmləndirilmiş mövqelərinə zərər yetirilib.

“Bütün bu hadisələrin hamısı hər bir istiqamət üzrə tarixi, saatı daxil olmaqla qeydə alınıb. Ermənistanın Müdafiə Nazirliyində də bu faktlar var. Hətta özləri bunun bəzilərini açıqlamışdı. Bu statistikanı bəzilərinin video görüntüləri daxil olmaqla, detallı şəkildə mətbuata təqdim edə bilərik”, – deyə Silahlı Qüvvələrdən bildirilib.

İstiqlaldan cəbhədə daha çox atışlar cari ilin aprel ayının sonlarında, iyun ayının əvvəllərində və avqust ayının sonlarında – cəbhədə vəziyyət gərginləşən dövrlərdə gerçəkləşdirilib. Ümumilikdə bu silahın tətbiqi nəticəsində qarşı tərəfin ən azı 15 hərbçisi öldürülüb, 7-8 hərbçisi isə yaralanıb.

“Bu silah çəki və ölçülər baxımından böyük olmasına baxmayaraq, düşmənin möhkəmləndirilmiş mövqelərinin uzaq məsafədən vurulmasında əvəzsiz rola malikdir. Praktik olaraq biz bunu cəbhə xəttində görürük”.

““İstiqlal”ın geri təpməsi hazırda ordunun silahlanmasında yer alan 12.7 mm-lik OSV və M-93 snayper tüfənglərindən daha zəifdir. Bu da silahın əsas üstünlüklərindəndir”.

Silahlı Qüvvələrin zabiti onu da əlavə edib ki, bu səbəbdən Ermənistan tərəfində “İstiqlal” snayper tüfəngi barədə ajiotajlar başa düşüləndir. Silahın effektiv gücünü anlayan qarşı tərəfin addımları iki məqsədə – beynəlxalq aləmdə anti-reklam, daxildə isə yaranmış İstiqlal sindromunu aradan qaldırmağa yönəlib.

Qeyd edək ki, Azərbaycan mütəxəssislər tərəfindən hazırlanan 14.5 mm çaplı “İstiqlal” anti-material snayper tüfənginin çəkisi 33.8 kq, hədəfi məhv etmə məsafəsi 3 min metrdir. -50, + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilən tüfəngin darağının tutumu 5 patrondur.

KATEQORIYA:
Bu xəbəri paylaş