İsveçrə Azərbaycana satılan “Harop”ların mühərriklərinə embarqo tətbiq etməyəcək

Ermənilərin İsrailin Azərbaycana satdığı “Harop” kamikadze pilotsuz uçuş aparatlarında istifadə olunan İsveçrə istehsalı olan texnologiyaların tədarükünə embarqo tətbiq edilməsi üçün apardığı işlər puça çıxıb.

“Azeri Defence”nin məlumatına görə, ermənilər oktyabr ayının 18-də Şuşa şəhəri yaxınlığında partlamış “Harop”larda istifadə olunan “Faulhaber Minimotor SA” şirkətinin mühərrikini nümayiş etdirərək, İsveçrə mediasında məsələni ictimailəşdirir, İsveçrə hökumətinə Azərbaycana satılan “Harop”ların mühərrik tədarükünə embarqo qoymasını tələb edirdilər.

Ermənilər PUA-ların Azərbaycan və Ermənistan arasında baş verən qarşıdurmada həlledici rol oynadığını iddia edirlər.

İsveçrə ictimai televiziyasının (SRF) dekabrın 7-də hazırladığı xəbərdə “Faulhaber” şirkətinin və İsveçrə hökumətinin rəsmi mövqeyinə yer ayrılıb. İstehsalçının və hökumət struktrunun açıqlamaları ermənilərin bütün cəhdlərini puça çıxarıb.

“Faulhaber Minimotor SA” şirkətinin daxil olduğu Almaniyanın “Faulhaber” sənaye qrupundan SRF-ə bildirilib ki, şirkətin istehsal etdiyi məhsullar beynəlxalq səviyyədə tətbiq olunan ixrac nəzarəti qaydalarına tabedir. İsveçrə qanunvericiliyi bu cür elektrik mühərriklərinin İsveçrədən İsrailə, oradan isə Azərbaycana ixrac edilməsini qadağan etmir.

İsveçrənin İxracat nəzarətinə məsul olan İqtisadi İşlər üzrə Dövlət Katibliyindən (SECO) isə SRF-ə bildirilib ki, bu cür elektrik mühərrikləri nəzarət qanunvericiliyi ilə əhatə olunmur və icazəsiz ixrac edilə bilər. Bu cür mühərriklərin geniş bir sənaye tətbiqi var.

SECO elektrik mühərriklərin silahlı və silahsız pilotsuz təyyarələrə yerləşdirilə biləcəyini və hər hansı bir ölkəyə satıla biləcəyini açıqlayıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş