Jurnalistlərin çağırışaqədərki hazırlıq dərsini izləmələri üçün mediatur təşkil edilib

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Təhsil Nazirliyi tərəfindən 19 nömrəli tam orta məktəbdə mediatur təşkil edilib.

Bu barədə “AzerDefence”yə Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbat xitmətindən məlumat verilib.

Mediaturda Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Mediaturun təşkilində əsas məqsəd KİV nümayəndələrini ümumi təhsil məktəblərində şagirdlərin çağırışaqədərki hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan şəraitlə tanış etmək və kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirmək olub.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə təlim avadanlıqları ilə təchiz edilmiş kabinetdə olub və şagirdlərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər.

Jurnalistlər şagirdlərin silahları söküb-yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və simulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

KİV nümayəndələrinə məlumat verilib ki, 10-11-ci siniflərdə tədris edilən Gənclərin çağırışaqədərki hazırlığı fənni şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Müvafiq dövlət standartları əsasında hazırlanmış proqramlara və dərsliklərə uyğun tədris edilən bu fənn eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət edir.

KATEQORIYA:
Bu xəbəri paylaş