Jurnalistlərin ekstremal hallarda risklərdən çıxma layihəsinin praktiki icrasına başlanılıb

“Dinc Dünya” Araşdırma Mərkəzi “Ekstremal jurnalistlərə təcrübə poliqonu təlimlərinin öyrədilməsi” – Jurnalistlərin ekstremal hallarda risklərdən çıxma öyrəncləri layihəsinin praktiki icrasına başlayıb.

“AzeriDefence”nin məlumatına görə, layihə Azərbaycan prezidenti İlham Əliyevin 24 sentyabr 2014-cü ildə imzaladığı cəbhəyanı zonada bəzi təhlükəsizlik tədbirləri barədə sərəncama əsasən həyata keçirilir.

Azərbaycanda kütləvi informasiya vasitələri üçün ilk dəfə təşkil olunan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən sözügedən təlimlərdə məqsəd təhlükəli vəziyyətlərdən (döyüş yerindən, cəbhədən, terrordan) media materialı hazırlamağın hüquqi-təcrübi-psixoloji normativlərini təlim etmək, yəni cəbhə xəbərlərini yayan jurnalistlərə davranış peşəkarlığını öyrətmək və bununla da ölkə jurnalistikasında ekstremal jurnalistikanın qaydalar bazasını yaratmaqdır.

Təlimlər beynəlxalq təcrübələrə əsasən Dağlıq Qarabağın relyefinə uyğun planlaşdırılıb. Təlim prosesi Müdafiə Nazirliyinin bazasında zabit-mütəxəssis heyəti ilə keçirilir. Təlimalanlar yeməklə, yataqla, hərbçi həkimlə, gərəkən resurslarla təmin olunacaq. Layihədə planlanan tədbirlər forması 1 gün təlim iştirakçılarının testləşdirilməsi, təqdim törəni, 1 gün auditoriya seminar-təlimi, 6 günlük dağ təlimləri və 1gün yekun toplantısından ibarətdir.

Psixoloji testlərdən keçən hərbi sahədə yazan jurnalistlərin sırasından 40 nəfər təlimlər üçün seçilib. Seçilmiş jurnalistlərə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində seminar-təlim tədris olunduqdan sonar, 2 qrupa bölünən, 20 nəfərdən ibarət 1-ci təlim dəstəsi iyulun 24-dən 31-dək praktiki təlim almaq üçün Göy-göl rayonu ərazisində yerləşən hərbi hissəyə yola düşüb. 2-ci təlim dəstəsi isə iyul 7-dən 14-dək Göy-göl rayonu ərazisində hərbi hissədə olacaq.

“Dinc Dünya” Araşdırma Mərkəzinin İdarə Heyətinin sədri Əlisafa Mehdiyev “AzeriDefence”yə verdiyi açıqlamasında təlimlərdə təhlükəli zonada işləmək peşəsi seçmiş jurnalistlərə hərbi hissənin gündəlik xidmət rejimi, hərbi təlim anlayışı, əsgərin döyüş hazırlığı dərsləri, hərbi həyatda baş verə bilən hadisələrin səbəbləri, tabelikdə olanların (komandir-əsgər) tabelikdə olmayanların (əsgər-əsgər) münasibətləri, nizamnamədənkənar davranışlar, mənfi liderlik (dedovşina) anlayışı, intihar hallarının, sair cinayət olaylarının səbəbləri mövzusunda təlim-mühazirələr keçiriləcəyin bildirib.

Ə. Mehdiyevin sözlərinə görə, təhlükə zonasında zirehli texnikadan yararlanma tələblərini öyrətmək, silahları tanıtmaq, ümumqoşun təlimində hərəkətdə olan zirehli texnikanın altında uzanmanın, üstündə oturmanın, içindən-üstündən çəkiliş etmənin, döyüş vaxtı texnikadan yararlanmanın tələb və qaydalarının, bu prosesdən reportaj hazırlama qaydaları və səriştəsinin öyrədilməsi, hər növ silahdan atəş açmaq tədbirlər planına daxildir.
Hərbi sahədə yazan jurnalistlərə həmçinin olay yerinə fərqli relyeflərdə getmə və səngərə – hadisə yerinə dağ relyefində yürümə qaydaları, səngərəqədərki yollarda rastlaşıla bilən maneələrdən keçmə üsulları, ətrafın müşahidəsi üçün mövqe seçilməsi tələbləri, yaralanarkən, xəstələnərkən vəziyyətdən çıxma, xilasolma tədbirləri, çöl şəraitində ac qalarkən təbiətdən qidalanma imkanları öyrədiləcək.

Bundan başqa, təlim olunanlara səngərdə davranma, fortifikasiya qurğularından istifadə, döyüşçülərlə qarşılıqlı münasibətlərin tənzimlənməsi mövzusunda təlimlər, ön səngərdə döyüş prosesini izləmə, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən özünü qoruma, döyüşçülərlə ünsiyyət qaydalarını öyrənmə, savaşın prinsiplərini anlama, məlumat alma və toplama bilgilərinə yiyələnmək qaydası keçiriləcək.

O cümlədən, təlim alan jurnalistlərə ovalıq relyefdə səngərə – təhlükəli zonaya getmə üsulları, haqqında informasiya verilməli və ya verilməməli olan qurğunun, ərazinin taktiki xüsusiyyətləri, ön səngərdə ərazinin taktiki xüsusatları, təbii (meşələr, çaylar, göllər və s.) qurğuların məsafəyə görə ölçülməsi, ərazinin topoqrafik elementləri, əraszidən keçilmə imkanı, ərazinin qoruyucu, müşahidə şəraiti, maskalayıcı vasitələri, mühəndis təchizatı şəraiti, ilin fəsillərinə görə ərazinin taktiki xüsusiyyətləri, məsafədən müşahidə və s. üsulla ölçülməsi, gözəyarı məsafə təyinində tətbiq olunan üsulları, səsin yayılma sürətinə görə və dinləmə yolu ilə məsafələrin təyini öyrədiləcək.

Ə. Mehdiyev həmçinin, təlimlərdə hərbi obyektdə jurnalistlərin qarşılaşa biləcəkləri problemlərdən qorunma, gərəkən informasiyanı vermə öyrəncləri, jurnalistlərlə zabitlərin qarşılıqlı münasibətlərinin tənzimlənməsinin, informasiya siyasətinin aparılmasının, hərbi sirrin qorunması tələblərinin, informasiya verməkdə səriştəli olmağın, hərbi olaydan, obyektdən, silah və texnikadan yazıların məntiqinin düzgün şərtlənməsi – söz, söz birləşməsi, fraizoloji birləşmələr, termin və abbrevüatüraların tədris olunacağını bildirib.

“Bundan başqa, jurnalistlərə minadan qorunma, təlim bazasında minalanmış sahədə davranma qaydaları, cəbhəyanı kəndlərdə yerli əhalidən xəbərin alınması və dəqiqləşdirilməsi metodlarını, ekstremal hallarda jurnalistlərin problemləri ayırd etmə, informasiyanın alınmasının qanuni tənzimlənməsi tələblərini, ön səngərdə baş verənlərlə əhali arasında yayılan xəbərin eyniliyini tutuşdurma, əhalidən alınan xəbərin doğruluğuna etibar edilmə bilgiləri təlim ediləcək”, – deyə Əlisafa Mehdiyev vurğulayıb.

Qeyd edək ki, sentyabrın 2-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təlim alanların yaradıcılıq məhsullarının qiymətləndirilməsi, sentyabrın 17-də isə yekun toplantısı, diplom təqdimatı planlaşdırılıb. Kütləvi informasiya fasitələri (KİV) tərəfindən təlimlərə tərafdaş təşkilat “Azeri Defence” jurnalıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş