Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyəti qaydası təsdiq olundu

Nazirlər Kabineti “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nı təsdiq edib.Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır.

KİV rəhbərinin Müdafiə Nazirliyinə ünvanladığı müraciətdə adları göstərilən jurnalistlər akkreditə edilirlər.

Akkreditə olunması üçün müraciətin edilməsi

Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən KİV aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edir:
yerli KİV:
KİV rəhbərinin rəsmi müraciətini (müraciət rəsmi möhürlə möhürlənməlidir);
təsisçi haqqında məlumatı;
akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını;
akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4);
akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və xidməti vəsiqələrinin surətini;
KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatı;
Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici KİV:
daimi nümayəndəliyin rəhbərinin rəsmi müraciətini;
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını;
akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surətini;
akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4);
akkreditə üçün doldurulmuş anket formasını (1 nömrəli əlavə);

Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri:
Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan KİV rəhbərinin rəsmi müraciətini;
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını;
akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surəti;
akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4);
akkreditə üçün doldurulmuş anket formasını (1 nömrəli əlavə).

Qaydalara əsasən yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycanda daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar. Akkreditasiyanın müddəti 1 ildir.

Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 gün müddətində Milli Təhlükəsizlik Nazirliyindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir. Akkreditə olunmuş jurnalistlərə akkreditə kartları verilir. Akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. KİV-in müraciətinə əsasən, akkreditəolunma ilin digər vaxtlarında da keçirilə bilər.

Qaydalarda akkreditədən imtina edilməsi halları, habelə jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması əksini tapıb.

Akkreditə edilmiş KİV nümayəndələrinin cəbhəboyu zonaya ezam edilməsi üçün müvafiq KİV rəhbəri Müdafiə Nazirliyinə hər ezamiyyət üçün ayrıca yazılı müraciət etməlidir. Müraciətlərə 5 gün müddətində baxılır. Müdafiə Nazirliyi jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş