K-9 “Thunder” rəqiblərini sıradan çıxarır – ANALİZ

K-9 “Thunder” rəqiblərini sıradan çıxarır – ANALİZ

Cənubi Koreyanın K-9 “Thunder” – özüyeriyən haubitsa Avropa, Asiya və indi də Avstraliya qitəsində elan edilmiş tenderlərin qalibi olaraq, qlobal özüyeriyən artilleriya sistemləri bazarında mövqelərini möhkəmləndirir.

Bu günlərdə – sentyabr ayının 3-də Avstraliya Müdafiə Nazirliyi özüyeriyən artilleriya sistemlərinin satın alınmasını nəzərdə tutan “Land 8116 Protected Mobile Fires” proqramında Cənubi Koreyanın istehsalı olan 155 mm/52 kalibr K-9 “Thunder” özüyeriyən haubitsaların seçildiyini elan etdi. “Hanwha Defence Australia” (Cənubi Koreyanın “Hanwha Techwin” şirkətinin Avstraliya bölməsi) şirkəti ilə bağlanacaq 890 milyon ABŞ dolları dəyərində müqavilə çərçivəsində 30 ədəd K-9 özüyeriyən haubitsa və 15 ədəd K-10 nəqliyyat-yükləyici maşının alınması planlaşdırılır.

Xarici hərbi nəşrlərin məlumatına görə, “Land 8116 Protected Mobile Fires” proqramında K9-un özüyeriyən haubitsanın rəqibi Almaniyanın KMW və “Rheinmetall” şirkətlərinin birgə istehsalı olan 155-mm/52 kalibr PzH-2000 özüyeriyən haubitsa olub. Gərgin rəqabət və qoşunların keçirdiyi çoxsaylı sınaqlarda K-9 seçilib və alınmasına qərar verilib.

Cənubi Koreyanın “Hanwha Techwin” şirkətinin istehsalı olan K-9 “Thunder” özüyeriyən haubitsa son 10 ildə qlobal artilleriya sistemləri bazarında dalbadal uğurlar qazanmaqdadır. Bundan əvvəl K-9 Hindistan, Polşa, Norveç, Finlandiya, Estoniyanın elan etdiyi proqramlarda Almaniya, Fransa, Rusiya və digər ölkələrin bənzər sistemləri ilə rəqabət apararaq seçilib. 2014-2020-ci illərdə verilmiş sifarişlərin sayı 334 ədəddir.

Hindistan Ordusunun 100 ədəd özüyeriyən haubitsanın yerli istehsalının təşkil edilməsi yolu ilə satın alınmasına dair 2015-ci ildə elan etdiyi tenderdə “Hanwha Techwin” yerli tərəfdaşı “Larsen & Toubro Limited” şirkəti ilə birlikdə iştirak edib. Beynəlxalq tenderin finalında K-9 Rusiya istehsalı olan 2S19 “Msta-S” özüyeriyən haubitsa ilə rəqabət apararaq qalib seçilib. Hindistan Ordusu ilə imzalanmış müqavilənin dəyəri 800 milyon ABŞ dolları təşkil edir və bu haubitsalar Hindistan Ordusunda K-9 “Vajra” indeksi ilə silahlanmaya qəbul edilib. 2020-ci ilin yanvarına qədər sifariş verilmiş özüyeriyən haubitsaların yarıdan çoxunun istehsal edilərək, vaxtından əvvəl orduya təhvil verildiyi bildirilir. “Hanwha Techwin” digər ölkələrlə müqavilədə olduğu kimi Hindistanda da işlərin sürətli şəkildə icrasını həyata keçirir.

Avropa dövlətləri Koreya silahını seçir

K-9-un dünya çapında tanınan və tarixə sahib artilleriya istehsalçılarının hökm sürdüyü Avropa bazarına girişi 2014-cü ildə Polşa ilə başlayır. 2014-cü ilin dekabr ayında Polşa ilə Cənubi Koreya arasında 120 ədəd K-9 özüyeriyən haubitsanın satın alınmasına dair 320 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində K-9 özüyeriyən haubitsalar Polşanın “Huta Stalowa Wola” şirkəti ilə birlikdə AHS “Krab” indeksiylə istehsal edilir.

K-9 həmçinin 2017-ci ilin dekabr ayında Norveç Müdafiə Material Agentliyinin elan etdiyi tenderdə seçilib. 2017-ci ilin dekabr ayında imzalanan 383 milyon dollar dəyərində müqavilə ilə Norveç Ordusu 24 ədəd K-9 özüyeriyən haubitsa və 6 ədəd K-10 nəqliyyat-yükləmə maşını alıb. K-9-un Norveç variantı K9 VIDAR (Versatile InDirect Artillery) adlandırılır. K9 VIDAR haubitsası Norveç Ordusunun ODIN döyüş idarəetmə və rabitə sistemi ilə təchiz olunub.

Hərbi mediada yer alan məlumatlara görə, Norveçin elan etdiyi tenderdə K-9-un rəqibləri İsveçrənin RUAG şirkətinin M109 “Kawest”, KMW və “Rheinmetall” şirkətlərinin birgə istehsalı olan PzH-2000 (Panzerhaubitze 2000) və “Nexter” şirkətinin istehsalı olan “Caesar” özüyeriyən haubitsaları olub.

2017-ci ilin fevral ayında Finlandiya Müdafiə Nazirliyi 2018-2025-ci illərdə Cənubi Koreyadan 155 milyon dollar dəyərində 48 ədəd ikinci əl K9 özüyeriyən haubitsanın satın alınacağını açıqlayıb. Finlandiya keçmiş Sovet istehsalı olan özüyeriyən haubitsalarını gələcəkdə mərhələlərlə K-9 ilə əvəz etməyi özünün strateji planına daxil edib.

Finlandiya ilə yanaşı, 2018-ci ilin iyun ayında Estoniya da Cənubi Koreyadan 12 ədəd ikinci əl K-9 alınması barədə planını açıqlayıb. 46 milyon avro təşkil edən sifariş üzrə çatdırılmalar 2021-ci ildə yekunlaşacaq.

Özüyeriyən haubitsanın potensial müştərilərindən biri kimi Misir görülür. Tərəflər arasında danışıqlara 2010-cu ildə başlansa da siyasi səbəblərdən dolayı indiyədək proses baş tutmayıb.

Hazırda Cənubi Koreyanın silahlanmasında isə 400-ə yaxın K-9 mövcuddur. 2016-cı ildə qəbul olunan qərara görə, K-9-un sayı yaxın 10 il ərzində 1136-ya çatdırılmalıdır.

T-155 “Fırtına” və “Poyraz” yükləyici maşını

Qeyd edək ki, K-9-un ilk və ən böyük xarici sifarişçisi Türkiyədir. Cənubi Koreya 2000-ci illərin əvvəllərində imzalanmış müqaviləyə əsasən Türkiyəyə yerli istehsalın yaradılması üçün texnologiya transferi edib. Sözügedən müqavilə çərçivəsində 350 və sonrakı mərhələdə sifarişlərdən asılı olaraq özüyeriyən haubitsaların Türkiyədə təkmilləşdirmə və hissələrin yerliləşdirilməsi yolu ilə istehsalı həyata keçirilir.

Göründüyü kimi, Cənubi Koreya uğurlu K-9 “Thunder” özüyeriyən haubitsasıyla son 10 ildə dünyanın müxtəlif ölkələrində elan edilmiş tenderlərə qatılmış və uğur qazanmışdır. Alıcılar tərəfindən keçirilən sınaqlarda bu haubitsalar tək Rusiya deyil, eləcə də Avropa istehsalçılarının təsir dairəsində olan Avropa coğrafiyasında da seçilir. 2010-2013-cü illərdə K-9-un Türkiyə versiyası olan T-155 “Fırtına”nın (36 ədəd) alqı-satqısına dair Azərbaycanla Türkiyə arasında müqavilə imzalansa da, Almaniyanın MTU şirkətinin Azərbaycana satılacaq özüyeriyən haubitsalara mühərriklərin tədarükünə embarqo qoyması müqavilənin pozulmasına səbəb olub. Nəticədə Azərbaycan K-9/T-155 özüyeriyən artilleriya sistemlərini ala bilməyib.

Rəşad Süleymanov

KATEQORIYA:
Bu xəbəri paylaş