Kasetli silahlara dair hesabat təqdim olunub

Bu gün Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı Cenevrə şəhərində “Kasetli silahlara dair Hesabat 2015” (Cluster Munition Monitor 2015) sənədini təqdim edib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən “AzeriDefence”yə verilən məlumata görə, hesabat dövründə 12 ölkədə və beynəlxalq birlik tərəfindən tanınmamış 3 ərazidə bu silahların qurbanları qeydə alınıb ki, onların da uşaqlar və qadınlar da daxil olmaqla 92%-i mülki şəxslərdir.

Ən azı 25 ölkənin bu silahların təsirinə məruz qaldığı təsdiqlənib. Hesabat dövründə 74 kvadrat kilometr ərazi təmizlənib. Bunun da nəticəsində 69000 sursat məhv edilib.
2010-2014-cü illər ərzində isə 255 kvadrat kilometr ərazi təmizlənib. Nəticədə 295000 sursat məhv edilib.

Konvensiyaya üzv dövlətlər tərəfindən ehtiyatlarında olan 1,3 milyon kasetli silah məhv edilib ki, bu da özündə 160 milyon sub-sursatı əhatə edir. Onlarla dövlət bu silahların istehsalına investisiyalar qoymaqdan imtina edib.

Məlumatda o da qeyd olunub ki, bu Konvensiya üzrə ilk İcmal Konfrans 7-11 Sentyabr 2015-ci il tarixlərində Dubrovnik (Xorvatiya) şəhərində keçiriləcək. İlk İcmal Konfransında daha çox ölkələrdən bu Konvensiyaya qoşulmaq və bundan irəli gələn məsələləri daha tez zamanda yerinə yetirmək üçün danışıqlar aparılacaq.

Xəbərdə əlavə olaraq bildirilib ki, Azərbaycan ərazilərində kasetli silahlarla baglı problem Ermənistanın başladıgı müharibənin nəticəsidir. Kecmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Bu səbəbdən də ərazilər partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur.

Bundan başqa keçmiş hərbi poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır. Hazırda Azərbaycanda bir neçə belə ərazi mövcuddur. Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrançöldə çoxlu sayda PHS üzə çıxıb. Samux rayonunda sovet ordusundan qalma aviabombalar aşkarlanıb ki, bunlar da mülki əhali ücün olduqça təhlükəlidir.

Rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir, ancaq ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün bu konvensiyaya qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən hec biri, o cümlədən də, Ermənistan bu konvensiyaya qoşulmayıb. Azərbaycan konvensiyanın tələblərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Milli potensial yaradılıb, bir neçə regionda mina təmizləmə əməliyyatları aparılır. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

Təşkilatdan bildirilib ki, bütün bunları nəzərə alaraq Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi inanır ki, 7-11 sentyabr tarixlərində Dubrovnik (Xorvatiya) şəhərində keçiriləcək ilk İcmal Konfransında rəsmi səviyyədə təmsil olunacaq və bu silahlara qarşı aparılan işlər barəsində məlumat verəcəkdir.

Qeyd edək ki, BMT–nin “Kasetli Silahlara dair Konvensiya”sı 3 Dekabr 2008-ci ildə Oslo şəhərində imzalanıb. Hazırda bu Konvensiyaya 117 ölkə qoşulub. Onlardan da 95-i ratifikasiya prosesini başa çatdırıb. Konvensiyaya üzv dövlətlər 10 il ərzində ərazisindəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir. Bu Konvensiya qüvvəyə mindikdən sonra 18 dövlət kasetli silahlar istehsal etməkdən imtina edib.

KATEQORIYA:
Bu xəbəri paylaş