“Katmercilər” yeni maşınlarını IDEF-də nümayiş etdirəcək

Türkiyənin “Katmercilər” şirkəti IDEF-2017 sərgisində özünün başda “Xızır” zirehli maşını daxil olmaqla geniş çeşiddə zirehli texnikalarını nümayiş etdirəcək.

Bu barədə “AzeiDefence”ə Türkiyə mediasına istinadən məlumat verib.

Şirkətin yaydığı məlumata görə, “Xızır” və “Khan” maşınları yol və performans testlərini uğurla tamamlayıb və seriyalı istehsala hazırdır.

“Xızır” zirehli avtomobilin təqdimatı 2016-cı ilin noyabr ayında İstanbulda keçirilən “High-Tech Port-2016” sərgisində Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın iştirakı ilə keçirilib. 4×4 təkər formulu üzərində yaradılan 8,9 litr 6 silindir 298 kW gücündə dizel mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksımum sürəti 110 km/saatdır. Maşının uzunluğu 5570 mm, eni 2490 mm, hündürlüyü 2610 mm təşkil edir.

V dizaynlı gövdəyə malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı var. Maşından atışların həyata keçirilməsi üçün hər iki yanda 4, arxada isə bir mazğal mövcuddur. Zirehli maşın sürücü və komandir daxil olmaqla 9 heyəti daşıma qabiliyyətinə sahibdir. Mərkəzləşdirilmiş təkər doldurma, yedək, KBRN mühafizə ilə yanaşı “Xızır” avtomatik yanğın söndürmə sistemi ilə komplektləşdirilib.

Maşının silahlanmasında ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu yer alır. “Xızır” zirehli maşının komanda nəzarət, KBRN, silah daşıyıcı, ambulans, sərhəd təhlükəsizliyi və kəşfiyyat konfiqurasiyalarının hazırlanması mümkündür.

“Khan” zirehli personal daşıyıcısı NATO standartlarına uyğun, balistik qorumaya, mina və əl qumbaralarına qarşı gücləndirilmiş mühafizəyə və 4×4 təkər formuluna malikdir. Monokok gövdəyə sahib maşın hər cür yol və hava şəraitinə uyğun hazırlanıb. “Toyota Land Cruiser” şassisi üzərində yaradılan “Khan” 8 heyət daşıyır. Zrehli transportyorun uzunluğu 5010 mm, hündürlüyü 2330 mm, eni isə 2050 mm-dir. Maşının boş çəkisi 4930, daşıma gücü 1000 kiloqram təşkil edir. 286 at gücünə malik mühərriklə təchiz olunmuş maşının sürəti 130 km/saatdır.

“Khan” 60% maililikdə yüksəkliyə qalxa və 30% eniş maili ərazidə manevr apara bilər. Balistik qorumalı yanacaq çəninin tutumu 138 litrdir.

4×4 təkər formuluna malik “Jeep Rubicon” markalı maşının üzərində tədbiq edilmiş “Nəfər” zirehi Türkiyə üçün yenilik sayılır. “Nəfər” zirehinin hazırlanmasında keramik materialdan istifadə olunub. Normal zirehlə müqayisədə daha güclü qorumanı təmin edən bu zireh çəki baxımından adi zirehdən 40% yüngüldür.

“Toyota Land Cruiser”, “Volkswagen Amarok”, “Ford F550” markalı maşınlara tədbiq olunan “Nəfər” zirehinin digər maşınlara da uyğunlaşdırılması mümkündür. “Katmerciler” “Xızır”, “Khan” və zirehli ambulanslara da bu texnologiyanın tədbiq edilməsi üzərində işləyir.

 

Sərgidə ilk dəfə nümayiş olunacaq “Ford F550” şassisi üzərində yaradılan zirehli ambulans isə təhlükəli ərazilərdə ilkin tibbi yardım və təxliyə məqsədi ilə yaradılıb.

Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının tələbatını ödəmək məqsədi ilə istehsal edilən zirehli ambulans 4×4 təkər formuluna malikdir. Ambulansın daxilinin genişliyi xəstələr üzərində ayaq üstə əməliyyat aparmaq imkanı verir. Zirehli ambulans maşın sürücü, 2 tibb heyəti və 5 xəstə daxil olmaqla 8 nəfəri daşımaq qabliyyətinə sahibdir. 300 HP gücünə və 4×4 sürmə imkanına malik ambulans maşın hər cür yol və hava şəraitinə uyğun hazırlanıb.

Sürücü, tibb heyəti və xəstələrin təhlükəsizliyini tam təmin edən zirehli ambulansın istənilən konfiqurasiya və fərqli balistik qoruma səviyələrinə uyğun dizayn edilməsi mümkündür.

“Katmercilər” şirkətinin İcra Heyətinin sədri Vəkili Furqan Katmerci şirkətin gələcək perspektivindən danışaraq bildirib ki, hədəf 6×6 və 8×8 təkər formullu zirehli maşınların istehsalıdır: “Bununla müdafiə sənayemizə töhfəmizi artırmağı və sektordakı mövqeyimizi beynəlxalq miqyasda gücləndirməyi hədəf seçmişik”.

KATEQORIYA:
Bu xəbəri paylaş