Kazakhstan Paramount Engineering şirkəti fəaliyyətini dayandırır

Kazakhstan Paramount Engineering şirkəti fəaliyyətini dayandırır

“Kazakhstan Paramount Engineering” (KPE) şirkəti fəaliyyətini dayandırır.

Azeri Defence saytının bildirdiyinə görə, bu barədə KPE şirkəti məlumat yayıb.

Müəssisə bəyan edib ki, cari il üçün öhdəliklərini yerinə yetirdikdən sonra KPE 2020-ci ilin noyabr ayında fəaliyyətini dayandırmalı və müflis elan edilməsi barədə müraciət etməli olacaq. Hazırda KPE-nin banklara olan borcu 9 milyard tenge təşkil edir.

KPE rəhbərliyi Prezident Kasımjomart Tokayevə ünvanladığı müraciətdə Mərkəzi Asiyada ən böyük və müasir zirehli texnika istehsalıçısı olan müəssisənin fəaliyyətinin dayandırılmasında Qazaxıstanın Müdafiə Nazirliyini günahlandırır.

Müraciətdə bildirilib ki, 2015-ci ildə istifadəyə verilmiş müəssisə büdcə maliyyəsi cəlb edilmədən səhmdarların şəxsi vəsaiti və borcları hesabına yaradılıb. İstehsalda yerli məhsulun payı 70% -dən çoxdur. 2017-ci ilin iyul ayında Qazaxıstan Respublikası Müdafiə Nazirliyi ilə imzalanmış əməkdaşlıq Memorandumunda müəssisədə 274 ədəd “Arlan” və 106 ədəd “Barys” zirehli maşının istehsalı nəzərdə tutulub.

“Bu günə qədər KPE Müdafiə Nazirliyi üçün 90 ədəd “Arlan” zirehli nəqliyyat vasitəsinin tədarükünü uğurla başa çatdırıb. Bu il daha 30 maşının istehsalı planlaşdırılır. Müdafiə Nazirliyi 2020-2021-ci illər üçün “Arlan” sifarişinin sayını kəskin şəkildə azaldaraq 30-dan 11-ə endirib. 2021-ci il üçün isə heç bir sifariş olmayıb”, – deyə KPE-nin məlumatında qeyd olunub.

Müəssisə qlobal böhran şəraitində Müdafiə Nazirliyinin yerli zavoddan məhsulların alınmasını dayandırması nəticəsində 200 nəfər çalışanın işsiz qalacağını açıqlayıb: “Müdafiə Nazirliyində silahlı qüvvələrin zirehli nəqliyyat vasitələri ilə təchiz edilməsi üçün təsdiqlənmiş orta və uzunmüddətli planlar yoxdur. Yəni, ölkənin silahlı qüvvələrinin inkişafı üçün təsdiq edilmiş heç bir plan olmadan, yerli müdafiə sənayesi istehsal və elmi fəaliyyətini səmərəli şəkildə planlaşdıra bilməz”.

Müəssisənin açıqlamasında həmçinin qeyd olunub ki, sifarişlərin olmaması səbəbindən KPE-də 8×8 və 6×6 təkər formuluna malik “Barys” zirehli döyüş maşınlarının, 30 mm çaplı “Ansar”, habelə 12.7 mm çaplı “Sunqar” döyüş modulunun, “Şuqila” avtomatik atəş idarəetmə sisteminin, 120 mm çaplı avtomatlaşdırılmış minaatan sisteminin yaradılması dayandırılıb. “Ansar” döyüş modulu ilə silahlandırılmış “Barys 8×8” piyada döyüş maşınının silahlanmaya qəbulu ilə bağlı başa çatdırmaq üçün 1 ildən çox vaxt tələb olunur.

Şirkət 2021-2022-ci illər üçün “Arlan” tədarükünün illik ən azı 30 ədədə çatdırılmasının, 2021-ci ildə eksperiment üçün 10 ədəd “Barys 8×8” sifarişinin yerləşdirilməsinin, habelə Silahlı Qüvvələrin zirehli nəqliyyat vasitələri ilə təchiz edilməsi üçün Müdafiə Nazirliyinin orta və uzunmüddətli planlarının işlənib hazırlanması və təsdiqlənməsinin vacibliyini vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş