Keçmiş döyüşçüyə “Hərbi xidmətlərə görə” medalı təqdim edilib

Keçmiş döyüşçüyə “Hərbi xidmətlərə görə” medalı təqdim edilib

1996-cı ildə Azərbaycanın müdafiə mövqelərinə düşmən basqının qarşısını alarkən yaralanaraq əlil olmuş Şərur rayonunun Aşağı Daşarx kənd sakini ehtiyatda olan kiçik çavuş Həsənov Aftandil Məmməd oğlu Azərbaycan Prezidentinin 25 iyun 2020-ci il tarixli Sərəncamı ilə təltif olunduğu “Hərbi xidmətlərə görə” medalı alıb.

Azeri Defence saytının Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Hərbi xidmətlərə görə” medalının təqdim edildiyi tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ehtiyatda olan kiçik çavuş Aftandil Həsənovun ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə təltif edildiyini diqqətə çatdırıb.

General-polkovnik Kərəm Mustafayev vurğulayıb ki, muxtar respublikada hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi qiymətdir.

“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan Aftandil Həsənov göstərilən qayğıya görə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.
Sonra “Hərbi xidmətlərə görə”  medalı Aftandil Həsənova təqdim edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş