Keçmiş tabor komandiri: Füzuli veteranları səfərbər olunub, ordunun yanındadır

Keçmiş tabor komandiri: Füzuli veteranları səfərbər olunub, ordunun yanındadır

Füzuli rayonunun müharibə veteranları, qaziləri sentyabrın 27-də döyüşlər başlayandan ordunun yanındadır və lazım olan bütün köməkliyi fasiləsiz olaraq göstərirlər.

Bu barədə Azeri Defence saytına 848 saylı keçmiş Füzuli özünümüdafiə taborunun komandiri Zahir Həsənov bildirib.

Zahir Həsənovun sözlərinə görə, 1992-1994-cü illərdə Füzulidə döyüşlərdə iştirak etmiş özünümüdafiə taborlarının qaziləri döyüşlər başlayan saatdan orduya dəstək tədbirlərinə könüllü olaraq cəlb ediliblər.

“Keçmiş döyüşçülərimiz bu gün ordumuzun yanındadır. Ehtiyac duyulan təminatın çatdırılması, yaralıların təxliyyəsi və yerləşdirilməsi, şəhidlərin cənazələrinin ünvanlara çatdırılmasında biz keçmiş döyüşçülər də iştirak edir, bacardığımız qədər kömək göstərməyə çalışırıq. Qazilərimizdən döyüşmək üçün müraciət edənlər də var və çalışırıq ki onların siyahısını tutub, sistemləşdirib, dövlətimiz icazə verdiyi təqdirdə əsgər balalarımızla birlikdə həlledici döyüşə girək”, – deyə Zahir Həsənov qeyd edib.

Keçmiş tabor komandiri onu da bildirib ki, digər rayonlarda yaşayan keçmiş döyüşçülər də rayona gəlir.

“Biz 848-i yenidən yaradırıq. İnşallah bu müqəddəs savaşı övladlarımızla birlikdə tamamlayıb, şəhid silah yoldaşlarımızın qisasını alacağıq”.

Zahir Həsənov həmçinin əlavə edib ki, veteran tibb işçiləri, cərrah həkimlər döyüşlər başlayan andan təyin edilmiş xəstəxanalardadır: “1992-1994-cü illərdə hərbi hospitallarda çalışmış, bu gün təqaüddə olan həkimlərimiz var ki, 3 gündür evlərinə belə getmədən xəstəxanalarda yaralıların xidmətində dayanıblar”.

KATEQORIYA:
Bu xəbəri paylaş