Kəmaləddin Heydərov Pakistan HHQ-nin komandanı ilə görüşüb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verib.

İki ölkə arasındakı əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və mövcud münasibətlərin ildən-ilə gücləndiyini diqqətə çatdıran nazir K. Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edib. Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən marşal Sohail Aman Azərbaycanla Pakistan arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğundan danışıb. O, ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıraraq mövcud əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə hər iki ölkə arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlıq haqqında hazırlanmaqda olan sazişin imzalanmasının əhəmiyyətindən danışılıb. Pakistanlı tələbələrin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almalarının perspektivləri müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş