KHVTİC Azəərbaycan ordusu üçün kəşfiyyatçı hazırlığına başladı

Kurslarda snayper də daxil olmaqla müxtəlif silahlardan istifadə qaydaları aşılanacaqAzərbaycanda ilk dəfə olaraq Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdində kəşfiyyatçı kursları açılıb. “AzeriDefence” saytının məlumatına görə, əsasən yeniyetmələrdən təşkil olunmuş kursun məqsədi Silahlı Qüvvələr üçün kəşfiyyatçıların hazırlanmasıdır. Kursu bitirənlərə sertifikat veriləcək və onlar həqiqi hərbi xidmətə çağırılarkən orduda bu nəzərə alınacaq.

Açılış mərasimində iştirak edən KHVTİC Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov kurs iştirakçılarının təchizatı ilə maraqlanıb, gənclərə tövsiyələrini verib. Daha sonar kursun ilk iştirakçıları öz bacarıqlarını nümayiş etdiriblər.

Jurnalistlərə açıqlamasında general-mayor N. Orucov kəşfiyyatçıların hazırlanmasında məqsəd Silahlı Qüvvələrə kömək göstərmək olduğun bildirib. Kurslarda iştirak edənlər əsasən orta məktəblərdə təhsil alan yeniyetmələrdir. İştirak üçün müraciət etmiş 70-dən çox gəncdən 20 nəfər ilk kurs üçün seçilib, onların arasında qızlar da var.

“Kurslar açılmazdan əvvəl yeniyetmələr arasında keçirdiyimiz sorğuda da onların böyük əksəriyyətinin orduda kəşfiyyatçı kimi xidmət etmək istəyində olduğunu gördük”, – deyə general vurğulayıb.

KHVTİC sədri kurslarda iştirakçılara kəşfiyyatçılar üçün zəruri olan vərdişlərin aşılanacağını, müxtəlif atıcı silahlardan istifadə, maskalanma qaydaları, əlbəyaxa döyüş üsullarının öyrədiləcəyini qeyd edib.

“Kurslarda snayper də daxil olmaqla müxtəlif silahlardan istifadə qaydaları aşılanacaq. Burada istifadə üçün arbalet silahlar da alınaraq ölkəyə gətirilib”, – deye general əlavə edib.

Generalın sözlərinə görə, bu gün KHVTİC ehtiyac duyulan peşələr üzrə Azərbaycan Silahlı Qüvvələri üçün mütəxəssislər hazırlamağa hazırdır. Son 4 il ərzində isə cəmiyyət tərəfindən sürücülərlə yanaşı, pilotlar, paraşütçü-desantlar, mühəndis-istehkamçılar, həmçinin Qafqazda ilk dəfə olaraq snayperlərin hazırlanması məqsədilə kurslar təşkil olunub. Bugünədək KHVTİC kurslarında 350 snayper, 1800-dən artıq paraşütçü-desant hazırlanıb.

N. Orucov yaxın aylarda pulemyotçu kurslarının açılması istiqamətində işlər aparıldığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş