KİV nümayəndələri arasında IV atıcılıq turniri keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti may ayının 6-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında KİV nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV atıcılıq turniri keçirib.

“AzeriDefence”nin məlumatına görə, yarışa qoşulmaq üçün KİV nümayəndələrindən yaradılmış 21 komanda müraciət edib.

Turniri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açıb. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edib. Zaur  Abdullayev bildirib ki, ölkəmizdə mətbuat üzərindən senzuranın götürülməsi və bu sahəyə xüsusi dövlət qayğısının göstərilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ölkəmizdə kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermiş, fikir, söz və məlumat azadlığının təmin edilməsinə dövlət dəstəyini təmin etmişdir. Azərbaycanda insan hüquqları, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətinə müsbət təsir göstərmiş və bu sahədə müsbət nəticələr əldə olunmuşdur”.

Daha sonra media təmsilçilərinə təhlükəsizlik qaydaları barədə təlimat verilib və yarışa başlanılıb.

Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri “Trend-Milli.az”, II yeri Lider Televiziyası, III yeri Səs İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutub. Qaliblərə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş