Komanda Qərargah Hərbi Oyunları davam edir -FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən Komanda Qərargah Hərbi Oyunlarının planına uyğun olaraq sentyabrın 8-də təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib.Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin ssenarisinə əsasən qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb.

Qeyd edək ki, sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir.
Təlimlərə 65000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib. Təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6000 nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş