Koronavirusa dronlu müdaxilə

Koronavirusa dronlu müdaxilə

Getdikcə tətbiq sferası artan və həyatın müxtəlif sahələrində yer alan multikopter tipli dronların artıq koronavirus (COVID-19) pandemiyasının mövcud olduğu ərazilərdə istifadəsinə rast gəlinməkdədir. Pandemiyanın geniş yayıldığı Çin, Fransa, İtaliya, İspaniya, ABŞ, Belçika kimi ölkələrin mülki müdafiə qurumları, polis və səhiyyə orqanları məsafədən hərarəti ölçən termal kamera, koronavirusun təyin edildiyi yerlərin dezinfeksiyası, kimyəvi sprey qablarının xəstələrin olduğu evlərə çatdırılması, eləcə də insanlara evə qayıtmaq və ya küçədə olduqda maska ​​taxmağı xatırlatmaq üçün səsucaldanlarla təchiz edilmiş dronlardan istifadə etməyə başlayıblar. Bunların ən maraqlı örnəklərindən biri pilotsuz uçuş aparatlarından istifadə edərək tibbi ləvazimatları təhlükəsiz və sürətli şəkildə virusla mübarizə məntəqələrinə çatdırılma prosesidir.

Çin təcrübəsi və ondan yararlanan Avropa

İlk dəfə Çində yaranan COVID-19 virusu ilə əlaqədar yanvarın 23-də Uhan şəhərində karantin elan edilən kimi polis və səhiyyə xidməti “Terra Drone” şirkətinin uyğunlaşdırılmış RA3 və TR7S dronlarından, o cümlədən RH1 pilotsuz uçuş aparatlarından (PUA) tibbi ləvazimatların daşınmasında istifadə edilməyə başlanmışdır. Çin mediasında dərc olunan məlumatlara görə, sözügedən dronlar ictimai ərazilərə nəzarətdə və termik ölçmələrin həyata keçirilməsində də işə yarayıb. Çində dronlara quraşdırılmış termik sensorlar vasitəsilə insanların tez bir zamanda bədən istiliklərini ölçmək olur və bu səhiyyə işçilərinə vaxt qazandırır. Tibbi nümunələrin pilotsuz uçuş aparatları ilə çatdırılması nəql müddətində lazımsız insan təmaslarını əhəmiyyətli dərəcədə azaldır. Yerüstü nəqliyyatla 20 dəqiqə ərzində həyata keçirilən çatdırılma dronla 6 dəqiqəyə həyata keçirilir. Bundan başqa, istehlak əşyalarının dronla gətirilməsi insanların qida və digər məhsullara əlçatanlılığını təmin edərək, insan təmaslarını məhdudlaşdırır.

COVID-19 təhlükəsinin pik həddə çatdığı dövrdə Çində əvvəllər kənd təsərrüfatında pestisidləri püskürtmək üçün hazırlanan dronlardan bəzi ictimai yerlərin dezinfeksiya edilməsində istifadə olunub. Mütəxəssislər donlar vasitəsilə dezinfeksiyanın daha səmərəli olduğunu bildirirlər. Bundan başqa Çin koronavirusun yayılmasının ən pik nöqtəsində, ölkənin bəzi ərazilərində vətəndaşları üz maskaları taxmağa məcbur etmək üçün səsucaldanla təchiz edilmiş “danışan dronlar”dan istifadə edib.

Koronavirusa qarşı mübarizədə dronlardan geniş istifadə edən Çinin bu təcrübəsi mövcud böhranı yaşayan digər ölkələr üçün nümunə olub. ABŞ təhlükəsizlik qüvvələri koronavirusla mübarizə aparmaq üçün bu yaxınlarda Çinin “DJI” şirkətindən aldığı dronlar hesabına dron parkını iki qat artırıb. Koronavirus epidemiyası ilə əlaqədar ərazilərdə müşahidə aparmaq üçün pilotsuz uçuş aparatları gecə və gündüz kameraları ilə yanaşı termal kamera ilə də təchiz edilib.

ABŞ-ın “Impossible Aerospace” PUA istehsalçısı şirkətinin baş icraçı direktoru Spencer Gore bildirib ki, hüquq-mühafizə orqanlarını əlavə dronlarla təchiz etmək üçün “Impossible Aerospace” artırılmış iş rejimində çalışır.

İtaliyanın bölgələrində də koronavirus epidemiyası ilə bağlı karantinin tətbiq edilməsində dron və digər avadanlıqlardan istifadə olunub. İtaliya Mülki Aviasiya Təşkilatı (ENAC) hüquq-mühafizə orqanlarına koronavirus pandemiyası zamanı vətəndaşların hərəkətlərini izləmək üçün dronlardan istifadə etməyə icazə verilib. ENAC-ın qərarına əsasən kamera və səsucaldanla komplektləşdirilmiş 25 kiloqrama qədər ağırlıqda olan PUA-lar istifadə oluna bilər.

Fransada hüquq-mühafizə orqanları da helikopterlərdən və pilotsuz uçuş aparatlarından istifadə edir. Hüquq-mühafizə orqanları Parisdə, o cümlədən Eyfel qülləsinin yaxınlığında və parkların ətrafında insanların evlərini tərk etməmələrinə əmin olmaq üçün dronlarla müşahidə uçuşları həyata keçirib. AFP-nin məlumatına görə, hazırda Fransa bölgələri pilotsuz patrul nəzarəti altındadır. PUA-lara quraşdırılmış səsucaldan vasitəsilə vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

Fövqəladə vəziyyət elan edilən İspaniya da Çinin koronavirusa qarşı mübarizədə tədbiq etdiyi metodlardan yararlanır. İspaniya hüquq-mühafizə orqanları müşahidə kamerası, səsucaldan və üz tanıma proqramına malik dronlardan istifadə edir. İspan polisi dronlardan hazırda əsasən insanlara evdə qalmaq barədə xəbərdarlıq və patrul məqsədi ilə istifadə etməkdədir. Yayılan görüntülərdə PUA-ya quraşdırılan səsucaldan vasitəsi ilə insanların ictimai parkları boşaltmaları və evlərinə qayıtmaları barədə xəbərdarlıq edildiyi görünür.

Belçikada da koronavirusla bağlı səlahiyyətli şəxslər vətəndaşlara özlərinə və başqalarına qayğı göstərilməsini təbliğ etmək, o cümlədən tibbi göstərişlər üçün dronlardan istifadə edirlər.

Böyük Britaniya hökuməti koronavirus böhranı zamanı ictimai məlumat mesajlarının sürətli ötürülməsi üçün dronlardan istifadə edilməsinin vacibliyini bildirib. Böyük Britaniya koronavirusla bağlı vətəndaşların özünütəcrid tədbirlərinə uyğun davranmasını müşahidə etmək üçün kamera və dinamiklə təchiz edilmiş dronlardan istifadə etməyi planlaşdırır.

PUA sifarişləri artıb

Koronavirus pandeiyası ilə mübarizədə drondan istifadə yol nəqliyyat vasitələri ilə müqayisədə daşınma sürətini 50% -dən çox artırıb. Öz növbəsində, bu, dronların epidemiyanın qarşısının alınması və nəzarət üçün daha səmərəli vasitə olduğunu sübut edir. Dronlar kadr çatışmazlığını da aradan qaldırır. Tibb potensialından səmərəli istifadəyə imkan yaradır.

Araşdırmalar göstərir ki, son bir neçə ayda PUA-ların səhiyyə sektorunda tətbiqi imkanları daha populyarlaşıb. Çin hökuməti hazırda təxminən 50 milyon sakinin evdə və karantində qalmasını təmin etmək və nəzarətdə saxlamaq üçün uyğunlaşdırılmış dronlardan istifadə edir. Dron istehsalçıları tərəfindən əhalinin müşahidəsi, xəstəliklərin aşkarlanması və izdihamın idarə olunması üçün proqram tətbiqləri hazırlanır.

DJI şirkətinin koronovirus pandemiyası bölgələrində patrul xidməti üçün konfiqurasiya etdiyi MAVIC 2 dronu

Çinin “MicroMultiCopter” şirkəti son 3 ayda 11 şəhərdə yerli hakimiyyət orqanlarını 100-dən çox dronla təmin etdiyini açıqlayıb. Şirkət mütəxəssisnin sözlərinə görə, dronların hər biri 10 kvadrat kilometrlik ərazidə onlarla patrul maşını və 100-dən çox polis əməkdaşının vəzifələrini icra edə bilər. Şirkət bu il istehsalını iki dəfə artırmağı planlaşdırır.

Qeyd edək ki, son illər digər ölkələrdə də oxşar təşəbbüslər meydana çıxıb və eksperimental işlər aparılır. Ötən il ABŞ-ın UPS (United Parcel Service) və “Kaiser Permanente” şirkətləri birlikdə yeni səhiyyə dronu logistika müəssisəsini işə salmağı planlaşdırdığını açıqlayıb. Proqram çərçivəsində 39 xəstəxana arasında tibbi yardım tədarükünün “UPS Flight Forward” vasitəsilə həyata keçirilməsi yolları araşdırılır. “Kaiser Permanente”in sədri və icraçı direktoru Bernard Tayson bidirib ki, yeni layihə 7.5 milyon kvadrat metrlik tibb sahəsi və ətrafında 12.4 milyon üzvü olan “Kaiser Permanente”in milyonlarla vəsait və avadanlığın daşınmasını asanlaşdıracaq. Bundan başqa Baltimordakı Maryland Universiteti transplantasiya əməliyyatı üçün donor böyrəyini çatdırmaq üçün dronları sınaqdan keçirənlərdən biridir.

Almaniyada Nəqliyyat və Rəqəmsal İnfrastruktur Federal Nazirliyi Hamburq şəhərində “Medifly” layihəsi çərşivəsində dronların istifadəsini nəzərdə tutulan eksperimental layihə üzərində işləyir. “Medifly” şəhər mühitində pilotsuz çatdırılmaların tətbiqini nümayiş etdirmək məqsədi daşıyır və xəstəxanalara təcili müayinə üçün yaxınlıqdakı patoloji laboratoriyalarına toxuma nümunələrinin çatdırılmasında kömək edir. Tibbi sektorda hava çatdırmasının kütləvi şəkildə böyüməsi həmçinin qan testi nəticələrini və müalicələrin gözləmə müddətini azaldır.

Zaur Babaşov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş