Lənkəranda sərhədçilər üçün inşa olunmuş yaşayış binası istifadəyə verilib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda inşa olunmuş yeni yaşayış kompleksi istifadəyə verilib.

“AzeriDefence”nin məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın uğurla davam etdirilməsi, sərhədçilərin xidmət şəraitinin yaxşılaş­dırılması istiqamətində əldə olunmuş nailiyyətlər barədə danışıb. Hərbi qulluqçuların mənzil təminatı məsələlərinin prezident İlham Əliyevin daimi diqqət mərkəzində olmasını vurğulayıb.

Hərbi qulluqçulara xidməti mənzillərin orderlərini təqdim etdikdən sonra E. Quliyev yaşayış şəhərciyində yaradılmış şəraitlə tanış olub, yeni tikilmiş yaşayış binasına baxış keçirərək, sərhədçi ailələri ilə söhbət edib.

Sərhəd dəstəsində mövcud olan 150 mənzilli yaşayış binalarının sırasına yeni əlavə edilən beşmərtəbəli bina iki, üç və dörd otaqlı 38 mənzildən ibarətdir. Bütün mənzillər mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin edilib, binada müasir avadanlıq və alətlərlə təmin olunmuş geniş idman zalı yaradılıb.

Yaşayış şəhərciyində mərkəzləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraşdırılıb. 3500 kvadratmetr ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, müxtəlif ağac, gül kolları əkilib, istirahət guşələri yaradılıb, 4000 kvadratmetr əraziyə asfalt örtük döşənib.

Voleybol və mini futbol meydançası olan geniş idman şəhərciyi və uşaqlar üçün yaradılmış əyləncə guşəsi lazımi avadanlıqlarla təmin edilib. Kompleksin fasiləsiz su və istilik təminatı üçün tədbirlər görülüb.

KATEQORIYA:
Bu xəbəri paylaş