Lerikdə yeni sərhəd komendantlığı istifadəyə verilib

Lənkəran Sərhəd Dəstəsinin Lerik rayonunda yeni inşa olunmuş “Kələxan” sərhəd komendantlığı istifadəyə verilib. “AzeriDefence”nin məlumatına görə, açılış mərasimində Dövlət Sərhəd Xidmətinin (DSX) DSX rəisi general-leytenant Elçin Quliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və digər şəxslər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Lerik, Lənkəran və Astara rayonlarını əhatə etməklə Azərbaycanın qonşu İran ilə 205 km məsafədə dövlət sərhədini qoruyan Lənkəran Sərhəd Dəstəsində son illər böyük tikinti-quruculuq işləri aparılmaqla sərhədçilərin xidmət və məişət şəraiti xeyli yaxşılaşıb. “Kələxan” sərhəd komendantlığı kompleksinin tikilərək istifadəyə verilməsi aparılan təkmilləşdirmə proseslərinin növbəti ifadəsidir.

Açılışdan sonra DSX-nin rəisi E.Quliyev və tədbir iştirakçıları yeni komendantlıq kompleksində yaradılmış şəraitlə tanış olublar.

Məlumat verilib ki, müasir tələblərə cavab verən yeni sərhəd komendantlığı kompleksində xidməti yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün lazımi şərait yaradılıb. Komendantlığın qərargahındakı xidmət otaqları hər cür avadanlıq və vasitələrlə təmin olunub. Yüksək şəraiti olan əsgər yataqxanası, istirahət və təlim otaqları da müasir tələblər səviyyəsində qurulub.

DSX rəisi komendantlığa məxsus texnika, habelə silah-sursat, əşya-geyim, ərzaq-yemək, mənzil-istismar avadanlıqları, avtomobillər, yanacaq-sürtgü materialları anbarları, hamam camaşırxana ilə və digər texniki otaqlarla da tanış olandan sonra, kompleksin ikinci və üçüncü mərtəbələrində zabit və gizir ailələri üçün inşa olunmuş mənzillərə də baş çəkib. Bildirilib ki, hər biri iki otaqlı olmaqla 16 mənzilin hamısı mebel dəstləri və lazımi məişət avadanlıqları ilə təchiz olunub. Hərbi qulluqçuların ailələri yaradılan şəraitə görə minnətdarlıqlarını çatdırıblar.

Sonda DSX-nin rəisi əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib.

KATEQORIYA:
Bu xəbəri paylaş