Limanda 9 ədəd tank əleyhinə mina tapılıb

Limanda 9 ədəd tank əleyhinə mina tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Dövlət Sərhəd Xidmətindən Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində 9 ədəd TM-62 markalı tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tank əleyhinə minaların ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 09 fevral 2020-ci il tarixlərində 35 siqnal (əməliyyat çağırışı) əsasında 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağstafa, Astara, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Lənkəran, Sabirabad, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 3 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib. 66 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 3 937 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 24 670 kv.m ərazi yerüstü və 2 101 kv.m ərazi yeraltı yoxlanılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş