Mədət Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul edib

Mədət Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Pakistanın Baş Qərargah rəisi general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Poliqon” Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşdə Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.  Müdafiə Sənayesi Nazirliyinin Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını qonaqların diqqətinə çatdıran Mədət Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb. Pakistanın Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizədə daim Azərbaycan xalqının yanında olduğunu vurğulayan nazir dost ölkənin siyasi, mənəvi dəstəyini və qəti mövqeyini yüksək qiymətləndirib. Qonaqlar həmçinin Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər barədə məlumatlandırılıblar. Bildirilib ki, torpaqların 30 ilə yaxın işğal altında qalması həmin bölgələrin acınacaqlı vəziyyətə düşməsi, mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələrinin də məhv edilməsi, ən əsası isə yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnib.

General Nadim Raza Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafı naminə səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib, iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və tərəflər üçün bundan sonra da qarşılıqlı faydalı olacağını vurğulayıb.

Nümayəndə heyətinin tərkibində yer alan Pakistanın Azərbaycandakı səfiri Bilal Yaheen Azərbaycan və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdiriləcəyindən və bu əlaqələrin dünyada sülhün bərqərar olunması işinə böyük töhfə verəcəyindən əminliyini bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş