Macarıstan 218 ədəd “Lynx” piyada döyüş maşını alacaq

Macarıstan 218 ədəd “Lynx” piyada döyüş maşını alacaq

Macarıstanın Müdafiə Nazirliyi Almaniyanın “Rheinmetall” şirkətinə dəyəri 2 milyard avrodan çox olan 218 ədəd “Lynx” piyada döyüş və 9 ədəd “Buffalo” zirehli təmir-təxliyyə maşını sifariş verib.

Azeri Defence saytının bildirdiyinə görə, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.

Macarıstan bununla “Lynx” piyada döyüş maşınını sifariş edən ilk NATO və Avropa Birliyi ölkəsi olub.

Budapeştdə imzalanan müqaviləyə zirehli texnikaların, əlaqədar məhsul və xidmətlərin tədarükü daxildir. Müqavilədə simulyatorlar, təlim və təlimat, əlavə ehtiyat hissələrin çatdırılması və texniki dəstək kimi əlavə məhsul və xidmətlər yer alır.

“Lynx” piyada döyüş maşınları “Rheinmetall” şirkəti tərəfindən yaradılmış, 30 mm-lik topa sahib “Lance” döyüş modulu ilə silahlandırılacaq.

Müqavilənin ilk mərhələsində – 2023-cü ilin əvvəlinə qədər Macarıstan Almaniyada istehsal edilmiş 46 ədəd “Lynx” piyada döyüş maşını və 9 “Buffalo” zirehli təmir-təxliyyə maşını alacaq. İkinci mərhələdə isə 172 ədəd “Lynx”in Macarıstanda istehsalı planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş