Martın 19-da Sərhəd Qoşunlarının bütün hərbi hissələrində “Valideyn Günü” keçiriləcək

Martın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində “Valideyn Günü” keçiriləcək.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

“Valideyn günü”nün mart ayının 19-da saat 10:00-da Dövlət Sərhəd Xidmətinin Bakı, Naxçıvan, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir, Yevlax qarnizonlarında keçirilməsi planlaşdırılır.

Məlumatda qeyd olunub ki, Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində hər il müxtəlif tədbirlər keçirilir, şəxsi heyətin milli adət və dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır.

Novruz bayramı ərəfəsində təşkil edilən tədbirlər çərçivəsində keçirilən “Valideyn günləri” şəxsi heyətin təlim-tərbiyəsində, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, xidməti vəzifələrin icrasına məsuliyyət hissinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Nümunəvi xidmət edən əsgərlər Fəxri Fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiymətli hədiyyələrlə təltif olunur, onların valideynlərinə “Təşəkkür məktubları” təqdim edilir.

Valideynlər əsgər yeməkxanasında övladları ilə birgə nahar etdikdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunur, maraqlı və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir.

Dövlət Sərhəd Xidməti valideynləri Novruz bayramının sevincini övladları ilə birgə yaşamağa, sərhədçilər üçün yaradılmış yüksək xidmət və məişət şəraiti ilə yaxından tanış olmağa dəvət edir.

Qeyd edək ki, DSX-nin hərbi hissələrində “Valideyn günləri” artıq 3 ildir keçirilir. Tədbirin keçirilməsində məqsəd valideynləri hərbi hissələrdə yaradılmış xidməti və məişət şəraiti ilə yerində tanış etməkdir. Tədbir çərçivəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlar haqqında ətraflı məlumat verilir, sərhədçilər üçün yaradılmış şərait barədə qonaqların təklif və rəyləri dinlənilir, dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş