MBOMBE-4 – yüksək manevr, yüksək qoruma

MBOMBE-4 – yüksək manevr, yüksək qoruma

Fevral ayında Birləşmi Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilmiş nüfuzlu IDEX-2019 Beynəlxalq Müdafiə Sərgisi və Konfransında Afrika mərkəzli qlobal texnologiya və aerokosmik sənaye şirkəti olan “Paramount Group” 4×4 təkər formuluna malik “Mbombe-4” zirehli personal daşıyıcısının ilk təqdimatını keçirdi. Elə sərginin ilk günündə “Paramount Group” “Mbombe 4”ün ixracına dair Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələri ilə birinci müqavilənin imzalandığını elan etdi.

“Mbombe” zirehli maşın ailəsinin yeni üzvü olan “Mbombe 4” özünün müdafiə sənayesini inkişaf etdirməyə çalışan hökumətlərin mövcud tələbini qarşılamaq məqsədi ilə hazırlanıb. Başqa sözlə, bu zirehli maşın “Paramount Group”un portativ istehsal modelindən istifadə edən tərəfdaş ölkələrə sənaye istehsalına hazır vəziyyətdə təklif olunur.

Asimmetrik müharibələrin tələbləri nəzərə alınaraq dizayn edilmiş “Mbombe 4” kimi qabaqcıl müdafiə texnologiyalarının yaradılması və istehsalı sahəsində “Paramount Group”un zəngin təcrübəyə malik olduğunu deyən şirkətin icraçı sədri Ayvor İçikovitzin (İvor İchikowitz) sözlərinə görə, sözügedən zirehli maşın bazarın xüsusi tələbləri əsasında, tərəfdaş ölkələrdə yerli istehsal üçün nəzərdə tutulur: ““Paramount” texnologiya və bacarıqların ötürülməsi yolu ilə daşınan istehsal müəssisələrinin yaradılmasında ixtisaslaşır. Nəticədə tərəfdaşlıq etdiyimiz ölkələrdə yeni imkanlar və dayanıqlı iş yerləri açılır, yerli müdafiə sənayesinə, həm də iqtisadi şaxələndirməyə və böyüməyə kömək edir. Ən mühimi isə, bu model ümumi tədarük zəncirlərinə imkan verir və tədarükün təhlükəsizliyini təmin edir”.

Şirkət rəhbərinin sözlərinə görə, portativ istehsala ən mükəmməl nümunələr “Paramount Group”un Qazaxıstanda “Kazakhstan Paramount Engineering”, eləcə də Sinqapurda “ST Engineering” şirkətləri ilə olan ortaqlığıdır.

“Paramount Group”un “Mbombe 4” timsalında dünyanın ən mükəmməl hərbi nəqliyyat vasitələrindən birini təklif etdiyini deyən A. İçikovitz bildirib ki, şirkətin müştərisi olan ordular yeni nəsil 4×4, 6×6 və 8×8 nəqliyyat vasitələrini vahid ortaq logistika qatarı, yüksək rəqabətli satınalma xərcləri və ən aşağı əməliyyat xərcləri ilə istifadə edə bilirlər.

Şirkət rəhbəri onu da qeyd edib ki, “Mbombe 4” zirehli maşını dünyanın bir neçə ölkəsinin silahlı qüvvələrində yay sınaqlarını uğurla başa vurub. Maşının yeni nəsil dizaynı, qabaqcıl texnologiyaları və yüksək səviyyədə qorunması, onilliklər boyu davam edən hərbi əməliyyatlar və asimmetrik müharibə təcrübəsinin nəticəsidir.

Açıq döyüşlər, asimmetrik müharibə, terrorla mübarizə, sərhəd patrulu, daxili təhlükəsizlik və sülhməramlı missiyalar üçün hazırlanmış “Mbombe 4” platformasında istifadə olunan komponentlərin 70%-dən çoxu “Mbombe” zirehli maşınlar ailəsinə daxil olan digər maşınlarda mövcuddur. Bu da sonrakı mərhələdə xidmət xərclərini kəskin şəkildə azaltmağa imkan verir.

Yüksək qoruma

“Paramount Group”un əməkdaşlıq etdiyi ayrı-ayrı ölkələrin ordularının tələbləri nəzərə alınaraq yaradılmış “Mbombe 4” zirehli nəqliyyat vasitəsində müasir texnologiyalar tətbiq olunub. Ənənəvi və asimmetrik müharibədə, o cümlədən sülhməramlı missiyalarda qarşıya qoyulan mühafizə tələblərini tam şəkildə qarşılayan “Mbombe 4” yüksək qoruma və manevr imkanları, o cümlədən rahatlılığı ilə analoqlarından fərqlənir. Bütöv qaynaq edilmiş monokok gövdəyə malik “Mbombe 4” “Paramount Group” tərəfindən 6×6 və 8×8 formullu “Mbombe”lərdə tətbiq edilmiş düz altlıq dizaynına əsaslanır. Minaya qarşı qorumalı nəqliyyat vasitələri (MRAP) sinfinə aid edilən “Mbombe 4”ün heyət bölməsinin bölməsinin balistik mühafizəsi STANAG 4569 Level 4, partlayışa qarşı qoruması STANAG 4569 Level 4a /4b səviyyəsinə cavab verir. Maşın korpusun altında 10 kq, yol kənarlarında 5 metr məsafədə 50 kiloqram TNT ekvivaletində partlayışa döümlüdür. Ehtiyac yarandığı zaman maşının RPQ-lərə və zirehdələn mərmilərə qarşı əlavə zirehlə gücləndirmək mümkündür.

Sentyabr ayında CAR-ın aparıcı və müstəqil elmi-tədqiqat qurumu olan Elmi və Sənaye Tədqiqatları Mərkəzinin (CSIR) “Landward Sciences” laboratoriyası tərəfindən “Mbombe 4” zirehli maşının ən yüksək beynəlxalq spesifikasiyalara uyğun olaraq partlayış sınaqları həyata keçirilib. Sınaqlar zamanı “Mbombe 4”ün təkərinin və gövdəsinin altında 10 kq, yanda 5 metr məsafədə 50 kiloqram TNT ekvivaletində partlayışlar imitasiya edilib. Bununla da zirehli maşının partlayışlara qarşı davamlılığı CSIR kimi tanınmış beynəlxalq mərkəz tərəfindən sertifikatlaşdırılıb.

“Partlayışlarla yanaşı maşının korpusunun davamlılığı bir neçə ay davam edən çoxsaylı müayinələrlə də sübuta yetirilib. Ümumilikdə zirehli maşının gərgin şətrlərdə keçən sınaqları uğurla tamamlanıb. “Mbombe 4” yüksək manevr və heyətin mühafizəsi qabiliyyətləri ilə önə çıxır. Döyüş heyətinin həyatını qorumaq “Paramount Group”un ən başlıca vəzifəsidir və bu şirkətin bütün maşınlarında nəzərə alınır”, – deyə “Paramount Group”un məlumatında qeyd olunur.

Yüksək manevr

“Mbombe 4”ün korpusunun uzunluğu 6130 mm, eni 2600 mm, hündürlüyü 2450 mm, klirensi 430 mm, ön və arxa təkərlər arasındakı məsafə 2008 millimetr təşkil edir. 6 silindirli, 336 kW, 1627 Nm turbodizel mühərrik, 6 pilləli avtomat ötürmələr qutusu və müstəqil asqılara malik zirehli maşın 16 ton döyüş ağırlığına baxmayaraq, çətin relyefli ərazilərdə 140 km/saat sürətlə hərəkət etməyi bacarır.

Maşının mühərriki ön hissədə yerləşir və mərkəz xətti üzrə yerləşən adi və ya “in-line” transmissiya hesabına güc təkərlərlə paylaşılır. Bu tətbiq gücün aqreqatdan təkərlərə itkisiz ötürülməsinə imkan verir. Maşın 90 santimetr dərinliyində su maneələrini, 50 sm hündürlüyündə dik maneələri, 85 sm enində xəndəkləri dəf etmək, 35% yana maili hərəkət etməyi, 60%-dən yuxarı dikə qalxmağı bacarır.

“Mbombe 4”ün dizaynında tətbiq edilmiş yenilik 6×6 və 8×8 təkər formullu “Mbombe 6” və “Mbombe 8” piyada döyüş maşınlarında istifadə olunan rampa tipli arxa qapının tətbiqidir. Bu dayanılı halda və ya maşın hərəkət edərkən ekipajın sürətli yerləşdirilməsi üçün nəzərdə tutulur.

Fərqli döyüş qüllələri ilə silahlandırla bilən zirehli maşın 360 dərəcə ətrafı müşahidə edən kameralar, daxili təhlükəsizlik sistemləri, mina partlayışlarının təsirini udaraq heyətin travma almasını önləyən oturacaqlar, GPS naviqasiya, interkom sistem, run-flat təkərlər, şinlərin havasına mərkəzləşdirilmiş nəzarət sistemi və s. təchiz olunub. Maşının daxilindəki missiya kompüteri və interfeys sistemi həm Qərb, həm də Şərq istehsalı silah sistemləri ilə inteqrasiya edə bilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş