“Mbombe” – yeni müharibələrin maşını

İlk eksperimental nümunəsi 2010-cu ilin sentyabr ayında Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Africa Aerospace Defence-2010” sərgisində təqdim edilən “Mbombe” qısa müddətdə beynəlxalq səviyyədə özünə diqqət yönəldə bildi. Artıq bir neçə ölkədən sifarişləri alınan “Mbombe”nin seriyalı istehsalı istiqamətində işlər aparılır. Nüfuzlu hərbi nəşrlərdə “yeni nəsil piyadaların döyüş maşını” kimi xarakterizə edilən “Mbombe” manevrliliyi, döyüş təchizatı, xüsusilə yüksək qoruma qabiliyyəti ilə bazardakı analoqlarından əhəmiyyətli şəkildə fərqlənir.

Yeni dizayn

İstifadəçilərə üstün müdafiə, portativlik və atəş gücü təmin edən “Mbombe” sinfindəki analoqlarından yüksəldilmiş müdafiəyə malik olması ilə seçilir. Maşının yaradılması zamanı “Paramount Group”un etdiyi yeniliklərdən biri də dünyada minaya qarşı qorumalı maşınlarda tətbiq olunan ənənəvi “V” formalı gövdənin düz gövdə ilə əvəzlənməsidir. Hansı ki, “Paramount Group”un populyar “Matador” və “Marauder” maşınları da “V” formalı gövdəyə əsaslanır. Bu tip gövdəli maşınlar yerdən hündür olur, eyni zamanda partlayışın təsiri bərabər paylanır və aşma, içəridəki heyətin partlayışdan xəsarət alma ehtimalı azalır. Lakin, “Mbombe”də tətbiq olunan yeni zireh hesabına maşının dib hissəsinin davamlılığı artırılıb. “V” gövdədən imtina sayəsində maşının xarici dizaynı daha da yığcamlaşıb. Öz növbəsində bu da maşının siluetinin görünməsini, hədəf olma riskini xeyli azaldıb.

“Paramount Group”un təqdim etdiyi məlumatlara görə, “Mbombe”nin baza modeli ən yüksək qorumanı təmin edir. İstehsalçı şirkətin açıqladığı məlumata görə, maşının zirehli korpusunun kinetik müdafiəsi STANAG 4569 Level 3 (14.5×114 mm), tank əleyhinə müdafiəsi STANAG Level 4a və 4b səviyyəsinə uyğundur. “Mbombe” korpusun altında istənilən yerdə və ya təkərin altında 10 kq trotil, beş metr məsafədə isə 50 kq trotil ekvivalentində partlayışa davam gətirir. Maşının ekipajı ön və yanlarda 155 mm çaplı artilleriya mərmilərinin qəlpələrindən qorunur. Daxildə qurulan xüsusi kreslolar partlayışlar zamanı ekipajın travma almasını önləyir. Ehtiyac duyulduğu zaman maşını RPQ və zirehdələn mərmilərə qarşı əlavə zirehlə gücləndirmək mümkündür.

Silahlanması və texnik göstəriciləri

“Mbombe” ənənəvi və asimmetrik müharibələrdə, antiterror əməliyyatları və sülhyaratma missiyalarında istifadə üçün nəzərdə tutulur. Beynəlxalq sərgilərdə iri çaplı pulemyot, avtomatik top, distans idarə olunan döyüş modulu və avtomatik qumbaraatanla silahlandırılmış yüksək təsirli piyada döyüş maşını konfiqurasiyasında nümayiş etdirilsə də, “Paramount Group” “Mbombe”nin komanda-qərargah maşını, sanitar maşın, minaatan maşını və s. daxil olmaqla geniş ailəsini hazırlamağı planlaşdırır.
“Mbombe”nin baza versiyasının silahlanmasına 30 mm çaplı, döyüş sursatı ilə iki tərəfdən qidalanan top, 7.62 mm çaplı pulemyot və tüstü qumbaraatanı daxildir. Sürücü, komandir, atıcı və tam təchiz olunmuş 8 əsgəri daşıyan maşının desant girişi arxa hissədəndir.

Silahlarla yanaşı, “Mbombe” öndə və arxa hissədə gecə görmə cihazları ilə təchiz olunub.
Beynəlxalq sərgilərdə 6×6 təkər formullu versiyası nümayiş etdirilən “Mbombe”nin yaxın gələcəkdə 4×4 formullu konfiqurasiyasının da istehsalı nəzərdə tutulur. Bu konfiqurasiya barədə hazırda yalnız “Paramount Group” şirkətinin saytında məlumatlar mövcuddur.
“Mbombe” 6×6 maşınının uzunluğu 7715 mm, eni 2545 mm, hündürlüyü 2340 mm təşkil edir. Maşının boş çəkisi 16000 kq, döyüş vəziyyətində tam yüklənmiş halda çəkisi 27000 kiloqramdır. Şose yolda 100 km/saat sürətlə hərəkət edə bilən “Mbombe”nin dönmə əməliyyatlarını yerinə yetirməsi üçün 10 metrlik bir ərazi kifayət edir. Maşın turbo-dizel 336 KVT 1600 Nm gücündə mühərrikə, altı pilləli avtomatik ötürmə qutusuna, pnevmatik disk (ABS Ready) tormoza sahibdir. Maşın dizayn olunarkən keçilməz ərazilərdə istifadəsi nəzərə alınıb. “Mbombe” 900 mm dərinliyində su, 500 mm hündürlüyündə vertikal maneəni dəf etməyi, 70 dərəcə bucaq altında qalxmanı yerinə yetirməyi bacarır.

Geniş maraq

Hərbi sərgilərdə beynəlxalq diqqəti cəlb edən “Mbombe”nin potensial alıcıları qismində hazırda CAR ilə yanaşı İordaniya və Qazaxıstan çıxış edir. Eləcə də Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycanın bu maşının gələcək alıcılarından olacağı söylənilməkdədir. 2011-ci ildə BƏƏ-də keçirilmiş İDEX-2011 sərgisində nümayiş etdirilmiş “Mbombe” burada region ölkələrinin diqqətinə səbəb oldu. Eləcə də “Paramount Group” rəsmiləri maşının Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi ilə birgə istehsalı istiqamətində işlərin aparıldığını, maşının Azərbaycanda testlərinin keçirildiyini bildiriblər.

“Mbombe” İordaniyanın və BƏƏ-də isti iqlimdə, səhra və qumluq ərazilərdə, Qazaxıstanda isə ötən il soyuq iqlimdə testləri uğurla tamamlayaraq istehsala tövsiyə olunub. Astanada 2014-cü ilin may ayında keçirilmiş KADEX-2014 sərgisində maşın “Bars” adı ilə “Kazakhstan Engineering” şirkətinin pavilyonunda nümayiş etdirilib. Qazaxıstan Müdafiə Nazirliyinin sifarişi üzərə 2015-ci ildə bu maşının seriyalı istehsalına başlanması planlaşdırılır.

AZERİ DEFENCE jurnalı 06 (14) 2014

KATEQORIYA:
Bu xəbəri paylaş