Məktəblilər üçün “Sərhədçi” yay düşərgəsi təşkil olunub

Azərbaycan sərhəd zastavasının bazasında məktəblilərin “Sərhədçi” yay düşərgəsi təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Layihə çərçivəsində Bakının Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunub.

İyulun 13-də məktəblilər avtobuslarla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşüblər. Həmin gün “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” yay düşərgəsinin açılış mərasimi keçirilib.

Mərasimdə qeyd edilib ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir.

Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlər keçiriləcək. Azərbaycan filmləri nümayiş etdiriləcək, Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaqdır.

Bildirilib ki, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edəcək.

Açılış mərasiminin sonunda hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və “Sərhədçi” vokal-instrumental ansamblının iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunub.

lager3

lager4

lager5

KATEQORIYA:
Bu xəbəri paylaş