Mətbuat Xidməti: “Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur”

Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrindəyer almış  “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli yazıya münasibət bildirib .

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Müdafiə Nazirliyi bildirir ki, yazılarda bəhs edilən Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub. Onun məlumatda qeyd olunan Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

“Onu da bildiririk ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur. Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin  təminatı ilə məşğuldur. Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək daha diqqətli və məsuliyyətli olmağı xahiş edir, qəsdən yalan və şayiələri yaymamağa çağırır”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş