Mikro robotlar – yeni növ kəşfiyyat vasitələri

Mikro robotlar – yeni növ kəşfiyyat vasitələri

Tunellərdə, mağaralarda, eləcə də qapalı obyektlərdə kəşfiyyatının aparılması, dağıntılar zamanı çıxılmaz vəziyyətdə qalmış insanların axtarışı, antiterror əməliyyatlarında təyin edilən ərazilərin kəşfiyyatı və terrorçuların məhv edilməsi üçün qabaqcıl həll olaraq mini və mikro ölçülü yerüstü robotlar aktuallaşmağa başlayıb.

Yerüstü mini robotlar (və ya insansız yerüstü vasitələr) kəşfiyyatla yanaşı, hərbi əməliyyat zonalarında sığınacaqlarda, mağaralarda və tunellərdə gizlənmiş düşmən qüvvələrinin məhv edilməsində kamikadze olaraq istifadə edilə bilər.

“Endeavour Robotics” şirkəti (keçmiş “iRobot” şirkəti) 2019-cu ilin yanvar ayında ABŞ dəniz korpusu ilə tunel və xüsusi ərazilərdə əməliyyatlarda istifadə üçün “FirstLook” robotunun çatdırılmsına dair müqavilə imzaladığını açıqlayıb. 6,6 kiloqram ağırlığı olan “FirstLook” 17.8 sm hündürlükdə maneələrə dırmaşa, yerini dəyişə, aşdığı zaman özünü tənzimləyə bilir. İşıqlar, səs dinləməyə imkan verən mikrofon və rəngli kamera ilə təchiz olunmuş robota ehtiyacdan asılı olaraq KBRN və partlayıcı aşkarlama sensorlarının inteqrasiyası mümkündür.

Qeyd edək ki, 2017-ci ildən Pentaqon “FirstLook” robotunun tunel və mağaralarda kəşfiyyat məqsədi ilə istifadə imkanları araşdırır. DARPA “Yeraltı Çağırış” (SubT Challenge) proqramının Faza-1 mərhələsini qazanan “Endeavour Robotics” şirkətinə “FirstLook” robotunun yeraltı mühitlərdə tətbiqi imkanlarının genişləndirilməsi məqsədi ilə 1,5 milyon dollar vəsait ayırıb.

İsrailin “RoboTeam” şirkətinin istehsalı olan mini robotlar 2014-cü ildə Qəzza müharibəsindən başlayaraq tunellərdə bomba və tələlərin aşkarlanması məqsədi ilə istifadə edilir. “RoboTeam”un ABŞ Ordusuna ixrac etdiyi IRIS (Individual Robotic Intelligence System / Fərdi Robotik Kəşfiyyat Sistemi) minatür robotunun uzunluğu 20 sm, hündürlüyü 23, eni 11 sm, çəkisi 1,85 kiloqram, sürəti 5 km/saat, əməliyyat radiusu görüş məsafəsində 200 m, fasiləsiz iş müddəti isə 2 saatdır. İP65 standartlarına uyğun istehsal edilmiş robot maksimum 1 kq faydalı yük daşımaq qabiliyyətinə sahibdir. IRIS üzərinə yüklənən partlayıcı yük, yaxud tüstü qumbaraları ilə tunellərdə gizlənən terrorçulara qarşı istifadə oluna bilər.

Gündüz və gecə görmə kameraları, lazer və audiokəşfiyyat qurğusu ilə təchiz edilmiş robotun idarəetməsi 2,3 kq ağırlığında “Windows 7” bazalı ROCU®-7 idarəetmə pultu vasitəsi ilə həyata keçirilir. ROCU®-7 ilə eyni zamanda bir neçə insansız sistemi (quru, hava və ya dəniz) idarə etmək mümkündür.

Robot texnologiyaların istehsalı üzrə ixtisaslaşmış “Recon Robotics” şirkətinin “Throwbot 2” (TB2) mikro robotu hazırda ABŞ və Kanada daxil olmaqla 33 ölkənin ordu və güc strukturları tərəfindən qapalı və açıq mühitdə, iri diametrli boru kəmərlərinin daxilində, lağımlarda, habelə müxtəlif yeraltı obyektlərdə video və səs kəşfiyyatı üçün istifadə olunmaqdadır.

Əllə atılan mikro-robot betonun üzərinə 9 metr hündürlükdən düşdükdə qırılmır. Hərəkət halında qarşıya çıxan 10 sm hündürlükdə maneələri dəf etməyi bacarır. Üzərindəki aksesuarlar vasitəsi ilə robotu 1,8 kq əlavə yüklə təchiz etmək mümkündür. Görüş məsafəsində 140 m,  görüş məsafəsindən kənarda 45 metr məsafədən idarə edilə bilən TB2-nin sürəti 0,6 m/saniyə, fasiləsiz iş müddəti 110 dəqiqə, robotun gövdəsinin uzunluğu 21,1 sm, eni 20,1 sm, hündürlüyü 11,4 sm təşkil edir.

Fransa, Almaniya və Kanada Silahlı Qüvvələri tunellərin və keçidlərin kəşfiyyatının aparılmasında fransız “ECA Robotics” şirkətinin istehsalı olan “Cobra Mk-I” robotlarından istifadə edir. Adıçəkilən robot platformalar ehtiyaca uyğun olaraq müxtəlif sensorlarla təchiz edilir.

“ECA Robotics” şirkəti 2018-ci ildə Tailand Silahlı Qüvvələrindən “Cobra Mk 2E”, 2019-cu ilin may ayında Kanada Xüsusi Təyinatlı Qüvvələrindən açıqlanmayan sayda “Cobra Mk I” robotu sifariş aldığını elan edib.

“Nexter Systems” şirkətinin qapalı ərazilərdə əməliyyatlar üçün nəzərdə tutulan “Nerva” yüksək davamlılığı ilə də önə çıxır. Standart notebook, tablet və ya smartfon üzərindən asanlıqla idarə olunan “Nerva” geniş potensial yüklərlə inteqrasiya edilə bilir.

“Nerva” ailəsinin kiçik qabaritli (iki təkərli) versiyası olan “Nerva-S” keyfiyyətli müşahidə kamerası, termal kamera və mikrofonla təchiz olunub. Platforma KBRN və əldəqayırma partlayıcı vasitələrin kəşfiyyatı üçün təklif edilir. Robotun ön hissəsində 1280×720 piksel HD kamera və operatora qaranlıq mühitdə görmə imkanı verən termal kamera yerləşdirilib. Standart versiyada 9 sm hündürlüyündə maneələri aşa bilən robotun uzunluğu 31,5 sm, eni 24,5 sm, ağırlığı 3 kiloqram, sürəti maneəli ərazidə 4 km/saat, düz ərazidə 10 km/saatdır. Robot statik halda 5 saatdan artıq, faasiləsiz iş rejimində 1 saat çalışır. Görüş məsafəsində 200 metrdən çox, tunellərdə və bina daxilində 50 metr məsafədən idarə olunan robotun termal kamerası insanı 80 metrdən təsbit etməyə imkan verir. Bundan başqa, robotun üzərində səs mikrofonu, habelə video görüntünü qeydə alan kart yerləşir.

Müxtəlif təyinatlı robot texnologiyalarının istehsalı üzrə ixtisaslaşmış Polşanın PIAP şirkətinin TRM (Tactical Throwable Robot) robotu ordu və təhlükəsizlik qüvələri tərəfindən istifadə olunur. Əllə 9 metrədək uzağa atıla bilən TRM-in ikinci nəsli səssiz hərəkət və təkmilləşdirilmiş yeni idarəetmə panelinə malikdir. Kamera və kəşfiyyat sensorları ilə təchiz olunan TRM işıq, qaz, tüstü qumbaraları daşıya və işə sala bilir. Eyni zamanda hədəflərə kamikadze hücumunun təşkili məqsədi ilə əl qumbaraları ilə uyğunlaşdırılır. TRM-in bir idarəetmə panelindən üçədək cihazı idarə etmək mümkündür.

Çəkisi 1,5 kq təşkil edən TRM robotunun maksimum sürəti 3,3 km /saat təşkil edir. Qapalı ərazilərdə 30-100 metr, açıq ərazilərdə 100-350 metr döyüş radiusuna malik robotu 1 saatadək fasiləsiz çalışdırmaq olar. Polşa və Cənubi Koreya təhlükəsizlik qüvvələrinin əməkdaşları TRM robotundan istifadə edir. 2019-cu ilin oktyabr ayında Polşa Sərhəd Mühafizəsi PİAP şirkəti ilə TRM robotunun alınmasına dair müqavilə bağladığını açıqlayıb.

Türkiyənin “ElektroLand Defence”nin maraq doğuran məhsullarından biri də atıla bilən mini kəşfiyyat və nəzarət robotu olan ACROB-dur.

Mağaralar, tunellər və terrorçuların gizləndiyi bu kimi obyektlərdə, partlayıcı tələlər qurulan qapalı məkanlarda kəfiyyatın aparılması üçün nəzərdə tutulan ACROB altı metr yüksəklikdən düşdükdə qırılmır və hərbi standartların tələblərinə cavab verir. Robot hər cür hava və iqlim şəraitində istifadə oluna biləcək şəkildə istehsal edilib.

ACROB-un üzərində – ön və arxada yerləşdirilən kameralar ± 90°, ümumilikdə 180° hərəkət qabiliyyətinə sahibdir. Robotun üzərindəki starlight gecə görmə kameraları qaranlıq şəraitdə, real vaxt rejimində HD keyfiyyəti ilə foto, video və səsi operatora ötürür. Naqilsiz 600 metr, naqilli 100 metr (artırıla da bilir) məsafədən idarə olunan ACROB-un hündürlüyü 14 sm, uzunluğu 65 sm, genişliyi 31 sm, çəkisi isə yüksüz halda 5 kiloqramdır. On santimetr dərinliyində sudan keçə bilən ACROB 25 sm qədər dik maneələri aşa, 20 sm qədər maili pilləkənləri dırmana bilir. Robot üç fərqli rejimdə saatda 0-5 km sürət yığmağı bacarır.

Çoxfunksiyalı mini robot axtarış-xilasetmə əməliyyatlarında da istifadə edilə bilər. ACROB-u müxtəlif tapşırıqlarda istifadə etmək mümkündür ki, bu bir az da istifadəçinin öz yaradıcılığından asılıdır. Ehtiyac duyulduqda ACROB-un kamikadze robot kimi də istifadə edilməsi mümkündür. Məsələn, ACROB üzərinə yerləşdirilən partlayıcılarla birbaşa hədəf bölgəyə yönləndirilə və uzaqdan partladıla bilər. Eyni yanaşma ACROB-un düşmənin əlinə keçməsi ehtimalına qarşı da istifadə olunur.

Zaur Babaşov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş