“Mina qurbanlarının 39% -ni uşaqlar, 12 %-ni qızlar və qadınlar təşkil edir” – Hafiz Səfixanov

Bu gün “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov mətbuat konfransı keçirib.

“AzeriDefence”nin məlumatına görə, H. Səfixanov xatırladıb ki, bu gün Cenevrə şəhərində Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünya ölkələrindəki mina problemlərinə həsr olunmuş növbəti illik hesabatının təqdimatı keçirilir. Onun sözlərinə görə, bu hesabatlar 1999-cu ildən başlayaraq hazırlanır və minaların yaratdığı bütün problemləri və bu problem üzrə görülmüş işləri özündə əks etdirir.

O bildirib ki, artıq 162 ölkə “Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında 1997-ci il BMT Konvensiyasının üzvüdür. Cənubi Qafqaz ölkələri isə bu konvensiyaya qoşulmayıb.

H. Səfixanov əlavə edib ki, hesabat dövründə 3678 nəfər yeni mina qurbanı qeydə alınıb ki, bu da əvvəlki hesabatla müqayisədə 12 % çoxdur: “Əgər 1999-cu ildə hər gün 25 qurban qeydə alınırdısa, bu hesabat dövründə hər gün 10 qurban qeydə alınıb ki, bu da 40% -lik azalma deməkdir. Yeni mina qurbanları 54 ölkədə və konvensiyaya üzv 37 ölkədə qeydə alınıb. Mülki əhali arasında qeydə alınan qadın qurbanların sayı artıb. Mina qurbanlarının 39% -ni uşaqlar, 12 %-ni qızlar və qadınlar təşkil edir”.

O, 57 ölkədə və 33 konvensiyaya üzv ölkədə minalarla əlaqədar problemlər qeydə alındığını bildirib: “230 min piyada və 11 500 tank əleyhinə mina məhv edilib. Beləliklə son beş ildə ümumilikdə, 976 kvadrat kilometr ərazi təmizlənib ki, bunun da nəticəsində 1480000 piyada və 82000 tank əleyhinə mina zərərsizləşdirilib. 100 kvadrat kilometrdən artıq ərazilərin minaların təsirinə məruz qalması yalnız Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İrak, Tailand və Türkiyədə qeydə alınıb. Hesabat dövründə milli və beynəlxalq donorlar tərəfindən minalarla mübarizə proqramlarına 610 milyon ABŞ dolları sərf olunub. Bu, əvvəlki hesabat dövrü ilə müqayisədə 5% azdır”.

Onun sözlərinə görə, Azərbaycan bölməsi üzrə hesabatda qeyd olunur ki, Azərbaycan hazırkı hərbi—siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına qoşulmasa da, bu sənəddən irəli gələn bir sıra vəzifələri könüllü yerinə yetirir: “Bu Konvensiyaya aid BMT-də keçirilən son səsvermədə müsbət səs verib. Ərazilərin minalardan təmizlənməsi əməliyyatları aparılır, digər ölkələrdən olan mütəxəssislərə treninqlər keçirilir. Əfqanıstan əhalisi üçün minalardan qorunmaq üçün iki dildə materiallar hazırlanıb”.

KATEQORIYA:
Bu xəbəri paylaş