MN: Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

MN: Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb

Azərbaycana qarşı Ermənistan tərəfindən başlanan genişmiqyaslı hücumun ilk saatlarından Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi personalı gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, döyüşlər gedən bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib: “Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçumuz yoxdur. Bütün imkanlarımız səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə olunaraq öz sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır.

Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik  Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur”, – deyə Müdafiə Nazirliyinin məlumatında deyilib.

Müdafiə Nazirliyi bildirir ki, hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən qaynar telefon xətti açılıb.

Vətəndaşlar (012) 406-68-58, (012) 406-68-84, (012) 406-72-52, (012) 406-72-77 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər.

Eyni zamanda vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələrini xahiş edirik.

KATEQORIYA:
Bu xəbəri paylaş