Moldovanın satdığı “yararsız” raketlər Ermənistan Ordusunun istifadəsində – FOTO-FAKT

Moldovanın 2011-2012-ci illərdə Ermənistana satdığı silahların bəziləri işlək halda üzə çıxıb.
“AzeriDefence”nin məlumatına görə, Ermənistan telekanallarından birində yayımlanan hərbi proqramda hərbçilərin 9K115-2 “Metis-M1” tank əleyhinə idarə olunan raket kompleksləri ilə təlimi əks olunub.

Qeyd edək ki, 2011-ci ilə qədər Ermənistan Ordusunun silahlanmasında 9K115-2 “Metis-M1” tank əleyhinə idarə olunan raket komplekslərinin olmasına dair heç bir fakt mövcud olmayıb. Ermənistanın bu raket komplekslərini alması barədə ilk informasiya 2012-ci ildə yayılıb. Raket komplekslərini İrəvana satan Moldovanın sabiq müdafiə naziri göndərilən məhsulların “utilizasiya olunacaq” vəziyyətdə olduğunu bildirmişdi.

Gizli silah alveri ilə bağlı Ermənistan tərəfi heç bir açıqlama verməyərək susmaqla kifayətlənmişdi.

Xatırladaq ki, 2012-ci ilin əvvəllərində Moldovanın “Omega” agentliyi Kişinyovdan Ermənistana “Latspetsexport” şirkəti, Böyük Britaniyada yerləşən “Mooston Engineering” şirkəti və onun törəmə müəssisəsi olan “DG Arms Corporotion” (bu hərbi şirkət Sərkisyanın ailə biznesinə daxildir) vasitəsi ilə Ermənistana silah və sursat ötürülməsinə dair imzalanmış müqavilə barədə məlumat yayıb. Müqavilə və məhsulun ötürülməsinə dair faktlar mediaya sızandan sonra rəsmi Kşinyov faktı müdafiə naziri səviyyəsində təsdiq etməyə məcbur olub. Müdafiə Nazirliyi əvvəlcə Ermənistana köhnəlmiş, istifadəyə yararsız silah növləri satıldığını bəyan edib. Lakin sonradan Merkuleştı hərbi aerodromundan İrəvana yola salınan təyyarələrə döyüşə yararlı silah-sursat yüklənib. Ermənistana satılan silahlar sırasında “Faqot”, “Metis” və “Konkurs” tipli tank əleyhinə raket kompleksləri, habelə 1500 ədəd S-8 idarə olunmayan aviasiya raketinin olması öz təsdiqini tapıb. Satılan silahların bazar qiymətinin 5 milyon dollardan çox olduğu bildirilsə də müdafiə naziri Vitali Marinutsa parlamentdə çıxışı zamanı bu silah və sursatların İrəvana 3.3 milyon dollara satıldığını deyib.

KATEQORIYA:
Bu xəbəri paylaş