Monqolustan Sərhəd Mühafizəsinin rəisi Azərbaycanda səfərdədir

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi, general-mayor Şarxuu Lxaçinjavın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfərin məqsədi – Azərbaycanın sərhəd təhlükəsizlik sistemi, Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanışlıqdan ibarətdir.

DSX Mərkəzi Aparatında keçirilmiş görüş zamanı Dövlət Sərhəd Xidməti və Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın həyata keçirilməsi, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması, dövlət sərhədinin mühafizəsində xidməti heyvanların istifadəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Bununla yanaşı Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20% -nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib. Sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilib.
Nümayəndə heyəti Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış ediliblər.

KATEQORIYA:
Bu xəbəri paylaş