MSN-də 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2013-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib. Bu barədə “AzeriDefence”yə MSN-nin mətbuat xidmətindən məlumat verilib.

İclasda çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov 2013-cü ildə görülən işlər barədə məlumat verib. Nazir bildirib ki, ötən il 2012-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3,7% artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb.

2013-cü ilin nəticələrinə görə istehsal olunaraq sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi artıb. Ötən il yaradılma işləri davam etdirilərək, 11 mövzu və 71 mərhələ başa çatdırılıb.

2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 mm-lik döyüş minasının və digər məmulatların yaradılması işləri tam başa çatdırılıb, seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Eləcə də, BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılaraq güc qurumlarına təhvil verilib. Aviasiya bombalarının nümunələri hazırlanıb. Sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır.

“Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb. “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib.

2007-ci illə müqayisədə 2013-cü ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 26 dəfə, mərhələlərin icrası isə 14 dəfə artıb.
2014-cü ilin sentyabr ayında Azərbaycanda keçiriləcək ADEX-2014 sərgisi ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən artıq hazırlıq işlərinə başlanılıb. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati tədbirlər görülür.

İclasda nazirliyin birlik və müəssisələrinin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabatları dinlənilib.

Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı prezident İlham Əliyevin verdiyi tapşırıqları iclas iştirakçılarına xatırladıb. Nazir, Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2014-cü ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.

KATEQORIYA:
Bu xəbəri paylaş