MSN-də 9 ayın nəticələri müzakirə olunub

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2014-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib. Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.
Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilib.

2014-cü ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Cari ildə təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1,3 dəfə artıb.

2014-cü ilin Yaradılma Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən 66 mövzunu və 169 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. Nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin üç iclası keçirilib, iş planına daxil edilmiş müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılmış və müəyyən konkret təklif və rəylər qəbul olunub.

Hesabat dövründə nazirliyin qarşısında qoyulmuş tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib.

Kollegiyada qeyd olunub ki, 2009-cu ildən etibarən nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Cari ilin 11-13 sentyabrında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi ADEX-2014 Sərgisi keçirilib. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirdilər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyon Azərbaycan müdafiə sənayesinin yeniliklərini nümayiş etdirib.

2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi ADEX-2014 sərgisində 168 adda məmulat nümayiş etdiriib. Sərgidə nazirliyin nümayiş etdirdiyi məmulatlar yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılıb və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. Prezident İlham Əliyevin və digər hökumət, dövlət nümayəndələrinin ADEX-2014 sərgisini ziyarət etməsi sərginin əhəmiyyətini daha da artırıb.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib. Nazir prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

KATEQORIYA:
Bu xəbəri paylaş